“Ermənipərəst lobbi sülh prosesinə qarşı çıxır”
BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun ortaya çıxan video və səsləri Avropa dairələrinin Ermənistanla münasibətlərinə şübhəli yanaşmağa vadar edir. Avropa İttifaqı bir tərəfdən Rusiyanın hibrid təhdidlərindən qorunmaq məqsədilə İrəvana mülki missiya göndərir, digər tərəfdən isə Okamponun Paşinyanın devrilməsi ilə bağlı planlarına alət olur.
Ortaya çıxan qərəzli faktlara baxmayaraq, Ermənistanın xarici siyasət kursu Qərbə meyillənib. Moskva isə Ermənistanı xəbərdar edib ki, əgər ölkə Avropa ilə münasibətləri dərinləşdirməyə davam edərsə, enerji resurslarının tədarükünü kəsəcək. Hazırda beynəlxalq diqqət, Avropa İttifaqı ilə Rusiya arasında strateji mövqeyi sınaqda olan Ermənistana yönəlib.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Paşinyan höküməti Azərbaycanla münasibətlərin konstruktiv əsasda qurulmasında maraqlıdır:
“Okampo tipli fiqurların arxasında dayanan ermənipərəst lobbi bunun əleyhinə çıxış edir. Ona görə də Avropa Parlamenti kimi institutlardan istifadə edərək, Paşinyanı devirməyi hədəfləyirlər. Bütün planların pərdəarxasında Azərbaycana zərbə vurmaq dayanır. Çünki Paşinyanın hakimiyyətdən gedib, yerinə revanşist qüvvələrin gəlməsi birbaşa sülh gündəliyinə təhlükədir. Onların düçüncəsinə görə, Azərbaycana zərbə vurmaq üçün gedən yol Paşinyandan keçir”.
Politoloqun sözlərinə görə Bakı-İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazı böyük geosiyasi inkişafa aparacaq:
“Onlar da bunun reallaşmaması üçün əllərinə keçən bütün fürsətləri dəyərləndirməyə çalışırlar. Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasını dəstəklədiyini açıqlasa da, təşkilatın nüfuzlu fiqurlarının bir çoxu bunun əleyhinədir. Əgər onların Paşinyanla bağlı açıqlamaları doğru olsaydı, Okamponun Avropa Parlamentindən alət kimi istifadə edilməsinə göz yummazdılar”.
İ. Vəlizadə bildirib ki, Avropa institutları tarix boyunca Azərbaycan və Ermənistanla münasibətlərində ikili standartlar tətbiq edib:
“Avropa İttifaqı bir tərəfdən Rusiyanın hibrid hücumlarına qarşı Ermənistana missiya göndərir, digər tərəfdən isə Paşinyanın hakimiyyətinə zərər vuran addımların neytrallaşdırılmasında acizdir. Paşinyan öz siyasi kursunu sülh gündəliyi üzərində qurub. Bunu bilə-bilə Okamponun fəlaiyyət planına atət olmaq ikiüzlülüyün təzahürüdür”.