Prezidentin müvafiq tapşırıqları əsasında Bakı şəhərində ekoloji mühitin yaxşılaşdırılması, sənaye tullantılarının azaldılması və yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Xüsusilə keçmiş “Qara şəhər” ərazisinin təmizlənməsi və ekoloji nəzarətin gücləndirilməsi paytaxtın ümumi görünüşünə xoş ovqat bəxş edib.
Sherg.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” panel sessiyasında, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bildirib:
“Bakıda, IDEA İctimai Birliyi tərəfindən çox sayda məhlələrarası parklar salınaraq, sakinlərin və qonaqların istifadəsinə verilib. Bu istiqamətdə görülən işlər sayəsində paytaxtımız MDB-nin digər şəhərlərindən seçilir”.
M.Hüseynov qeyd edib ki, piyada infrastrukturunun inkişafı da diqqət mərkəzindədir:
“Piyada zolaqlarının yaradılması abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biridir. Şəhər sakinlərin ən çox üz tutduğu “Xaqani” bağında dünya təcürbəsinə əsaslanan layihənin icrası başa çatdırlıb. Ərazidə uzun illər mövcud olan xaotik nəqliyyat axını aradan qaldırılaraq, piyadaların ixtiyarına verilib. Paytaxtın qədim ərazilərində də yenidənqurma və bərpa işləri aparılır. Xüsusilə, Bibiheybət, Ramana və Balaxanı qəsəbələrində küçələr abadlaşdırılıb, binalar əvvəlki memarlıq üslubuna uyğun şəkildə bərpa edilib”.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən il imzalanan Sərəncama əsasən, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Sərəncama uyğun olaraq, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) keçiriləcək.