PUA-lara qarşı mübarizədə Ukrayna modeli daha effektivdir - Hərbi ekspert

"Ukrayna təcrübəsi, Azərbaycan taktikasına qoşulur - yeni hərbi güc formalaşır”

Son illər Azərbaycan strateji sahələrdə ardıcıl uğurlar qazanaraq regional və beynəlxalq arenada diqqət mərkəzinə çıxıb. Xüsusilə də hərbi sahədə toplanan təcrübə, Azərbaycanın müdafiə potensialını yeni səviyyəyə yüksəldib.

Qazanılan nailiyyətlər digər dövlətlər üçün əməkdaşlıq imkanlarını genişləndirərək strateji dialoqların qapılarını açıb. Ukrayna lideri Volodimir Zelenski Azərbaycana səfər etmədən öncə Qafqaz ölkələrinə dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib. Təklifin tam məzmunu isə aprelin 25-də dövlətimizin başçısı İlham Əliyev ilə Ukrayna liderinin görüşündə müzakirə predmetinə çevrilib. Tərəflər dron əleyhinə mübarizə vasitələrinin istehsalı və təcrübə mübadiləsi sahəsində birgə əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıblar.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, Azərbaycan bir çox ölkələrlə müdafiə sənayesi, təhlükəsizlik və hərbi-texniki sahələrdə əməkdaşlıq edir:

“Ukraynada bizim strateji tərəfdaşlarımızdan biridir. İki ölkə arasında pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı həm Azərbaycan, həm də Ukrayna üçün qarşılıqlı maraq kəsb edir. Müharibənin davam etdiyi son 5 il ərzində Ukrayna, dronlara qarşı uğurlu avadanlıqlar istehsal edib. Azərbaycan isə 44 günlük Vətən müharibəsi zamanı müxtəlif təyinatlı PUA-lardan istifadə edərək bu sahədə mühüm döyüş təcrübəsi qazanıb”. 

Eskpertin sözlərinə görə, Azərbaycan PUA-ların genişmiqyaslı tətbiqinə əsaslanan əməliyyat konsepsiyası ilə qələbə qazanan nadir ölkələrdən biri kimi tarixə düşüb:

“Ukraynanın dron əleyhinə mübarizə vasitələrinin hazırlanması sahəsində qazandığı praktiki təcrübə və Azərbaycanın PUA-ların tətbiqi üzrə əməliyyat bilikləri qarşılıqlı şəkildə tamamlayıcı xarakter daşıyır. Bu əməkdaşlıq həm Ukraynanın həm də Azərbaycanın hərbi potensialının güclənməsinə xidmət edəcək”. 

Ə. Verdiyev dron əleyhinə vasitələrin mahiyyətindən danışıb:

“Dron əleyhinə vasitələr dedikdə, düşmənin PUA-larının aşkar edilməsi, zərərsizləşdirilməsi və elektron təsir vasitələri ilə neytrallaşdırılmasını təmin edən sərfəli və effektiv texnoloji həllər nəzərdə tutulur. Hazırda bir çox ölkə bu sahədə avadanlıqlar istehsal etsə də, Ukraynanın təcrübəsi, dron əleyhinə mübarizə vasitələrinin hazırlanmasında daha effektivdir. Hətta bir neçə ölkə Kiyevin istehsal etdiyi avadanlıqlardan və ukraynalı mütəxəssislərin təcrübəsindən geniş şəkildə istifadə edir”.