Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Azərbaycan yeni şəhərsalma konsepsiyası ilə diqqət mərkəzindədir
Azər Badamov: “WUF13 Forumu investisiya axınını artıracaq və yeni tərəfdaşlıqlar yaradacaq”
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi potensialının və müasir inkişaf strategiyasının təqdim olunduğu mühüm qlobal platformaya çevrildi. 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı forum bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regionun deyil, dünyanın diqqət mərkəzində olan beynəlxalq tədbirlər məkanlarından biridir. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı vurğuladı ki, şəhərsalma məsələsi Azərbaycanda təkcə infrastrukturun qurulması ilə məhdudlaşmır; bu proses iqtisadi inkişaf, ekoloji təhlükəsizlik, sosial rifah və strateji dövlət idarəçiliyinin mühüm tərkib hissəsi kimi həyata keçirilir.
WUF13 həm də Azərbaycanın regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdı. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki, Lahıc və Şuşa kimi şəhərlərin forum çərçivəsində ön plana çıxarılması göstərdi ki, ölkədə şəhərsalma siyasəti yalnız paytaxtla məhdudlaşmır. Tarixi irsin qorunması, qədim şəhərlərin müasir standartlara uyğun yenidən qurulması və regionların dayanıqlı inkişafının təmin edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
Forum çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də diqqət mərkəzində oldu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji layihələri regionun gələcək iqtisadi inkişaf modelinin formalaşdırılmasına xidmət edir. İnfrastruktur layihələrinin sürətlə icrası, beynəlxalq hava limanlarının, yolların, tunellərin və enerji xətlərinin inşası həmin bölgələrin Azərbaycanın əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradır.
WUF13 vasitəsilə Azərbaycan yalnız uğurlu ev sahibi kimi deyil, həm də qlobal urbanizasiya və dayanıqlı inkişaf siyasətində fəal iştirak edən ölkə kimi çıxış edir. Forum ölkənin investisiya imkanlarının, qeyri-neft sektorunun, yaşıl texnologiyalar və rəqəmsal idarəetmə sahəsində həyata keçirilən layihələrinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm platformadır. Bu baxımdan WUF13 Azərbaycanın həm siyasi nüfuzunun güclənməsinə, həm də regionların sosial-iqtisadi inkişaf strategiyasının beynəlxalq səviyyədə tanınmasına xidmət edən əhəmiyyətli tədbir kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov “Şərq”ə bildirib ki, Bakıda keçirilən BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, iqtisadi potensialının təqdim olunması və postmünaqişə dövründə həyata keçirilən quruculuq modelinin dünyaya tanıdılması baxımından strateji əhəmiyyət daşıyır: “Dünyanın müxtəlif ölkələrindən on minlərlə nümayəndənin iştirak etdiyi bu forum yalnız urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə platforması deyil, eyni zamanda Azərbaycanın müasir inkişaf konsepsiyasının nümayiş etdirildiyi qlobal tədbir kimi diqqət çəkir.
Forum həm Bakının müasir infrastruktur imkanlarının, həm də Azərbaycanda tətbiq edilən yeni şəhərsalma modellərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində dayanıqlı şəhərsalma, “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji, nəqliyyat infrastrukturu və urbanizasiya ilə bağlı müasir yanaşmalar geniş şəkildə müzakirə edilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və “ağıllı şəhər” layihələrinin beynəlxalq platformada təqdim olunması Azərbaycanın postmünaqişə dövründə ortaya qoyduğu inkişaf modelinə marağı artırır. Bu baxımdan WUF13 yalnız regional deyil, qlobal şəhərsalma gündəliyinin mühüm hissəsinə çevrilib”.
Deputat qeyd edib ki, WUF-13 çərçivəsində Azərbaycan şəhərsalma, urbanizasiya və bərpa-quruculuq sahəsində qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşəcək, eyni zamanda dünya təcrübəsində tətbiq olunan qabaqcıl həllərlə yaxından tanış olmaq imkanı əldə edəcək: “Forum yeni şəhərlərin salınması, mövcud şəhərlərin müasir standartlara uyğun yenidən qurulması və yaşayış məskənlərinin daha dayanıqlı hala gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində əldə olunacaq bilik və təcrübə mübadiləsi ölkəmizdə dayanıqlı şəhər inkişafına əlavə töhfə verəcək. WUF-13 çərçivəsində ölkəmizə gəlmiş yüksək səviyyəli qonaqlar, investorlar və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə keçiriləcək görüşlər yeni iqtisadi tərəfdaşlıqların qurulmasına, investisiya axınının artmasına və uzunmüddətli ticari-iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq.
Bütün bunlar göstərir ki, WUF13 Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi, dayanıqlı inkişaf sahəsində nüfuzunun artması və Qarabağda həyata keçirilən quruculuq modelinin dünya miqyasında tanıdılması baxımından mühüm strateji platformadır. Azərbaycan bu forum vasitəsilə dünyaya mesaj verir ki, postmünaqişə dövründə aparılan bərpa işləri yalnız dağıntıların aradan qaldırılması deyil, həm də gələcəyin innovativ, dayanıqlı və ağıllı şəhərlərinin qurulması prosesidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yeni şəhərsalma modeli artıq təkcə Azərbaycanın daxili inkişaf strategiyasının deyil, beynəlxalq urbanizasiya siyasətinin də diqqət mərkəzində olan nümunələrdən birinə çevrilməkdədir”.
Şəymən Bayramova