Azərbaycan WUF13 vasitəsilə dünyaya təhlükəsiz şəhərlərin necə qurula biləcəyinə dair aydın mesaj verdi
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müvəffəqiyyətlə başa çatdı. Forum ölkəmizin tarixində baş tutan ən əhəmiyyətli tədbirlərdən biri kimi yaddaşlara həkk olunacaq. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən tədbir dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından biri olan BMT-nin, nəzdində keçirilən mötəbər sessiyalardan biri idi. Sessiya çərçivəsində əsas diqqət bütün dünyada аktuallığını qoruyan evsizlik probleminə, mənzil şəraitinin yaxşılaşdırılmasına, hər kəs üçün təhlükəsiz və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına yönəldi”.
Bu sözləri millət vəkili, "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev Sherg.az-a bildirib:
“Hazırda şəhərlərin böyük və estetik baxımdan cəlbedici şəkildə inşa olunması kifayət etmir. Son dövrlər, dünyada iqlim dəyişmələri, sənayenin sürətli inkişafı, əhalinin çoxalması və içməli su ehtiyatlarına təzyiqin artması özü ilə çoxsaylı problemlər gətirib. Məhz buna görə, şəhərlər böhranlara davamlı olmalı, təhlükəsiz və dayanıqlı prinsiplər əsasında qurulmalıdır. Məsələn, İranda billur şüşəli binalarla qurulmuş şəhərlərə baxmayaraq, müharibə su qıtlığı və elektrik təhlükəsizliyi problemlərini üzə çıxardı. Azərbaycan əbəs yerə şəhərlərin təhlükəsiz şəkildə qurulması məsələsini forumun başlıca mövzusuna çevirməyib. İndiyə qədər digər ölkələrdə keçirilən şəhərsalma forumlarının heç birində bu cür mövzuya toxunulmamışdı”.
Deputatın sözlərinə görə, Azərbaycan Qarabağda həyata keçirdiyi möhtəşəm quruculuq layihələri ilə şəhərsalma sahəsində malik olduğu zəngin təcrübəni dünyaya nümayiş etdirdi:
“İşğaldan azad edilən torpqalarımız “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulur. Zəngilan rayonundakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk “ağıllı kənd” layihəsi kimi tarixə düşüb. Kəlbəcərin yenidən inşa olunan şəhər mərkəzi, öz estetik görünüşü və təbiətlə vəhdəti baxımından Avropanın məşhur Alp şəhərlərinə bənzəyir. Qarabağın işğal dövründəki mənzərəsi ilə bu günkü görüntüsü arasındakı fərq, zamanın və iradənin yazdığı dönüş hekayəsidir. Azərbaycan WUF13 vasitəsilə, dünyaya təhlükəsiz şəhərlərin necə qurula biləcəyinə dair aydın mesaj verdi. Hazırda Yer üzündə bir çox böyük meqapolislər mövcuddur. Lakin onların əksəriyyətində cinayətkarlıq və kriminal vəziyyət təhlükəli səviyyəyə çatıb. İnsanların sayının durmadan artması, meqapolislərdə mənzil çatışmazlığına, su qıtlığına və təhlükəsizlik problemlərinə səbəb olur”.
T.Gəncəliyev qeyd edib ki, WUF13 COP29-da müzakirə edilən iqlim gündəliyinin davamıdır:
“Azərbaycan minlərlə nümayəndəni bir araya gətirən böyük beynəlxalq konfransların təşkilində zəngin təcrübəyə malikdir. Adətən beynəlxalq əhəmiyyət daşıyan tədbirlər, Avropa və inkişaf etmiş Asiya ölkələrində keçirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin beynəlxalq nüfuzunun mühüm göstəriciləridir. Məhz buna görə Azərbaycan COP29-dan sonra ikinci ən böyük beynəlxalq toplantıya ev sahibliyi etdi”.