Tural İrfan: “İranda real hakimiyyət SEPAH-dadır, danışıqlar sadəcə oyundur”
İran ABŞ-ın təklifini nəzərdən keçirir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.
Qeyd edək ki, “Axios”un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a bildirib ki, bu təkliflərin real razılaşmaya və problemin həllinə gətirib çıxarmasına hazırki durumda inanmaq sadəcə sadəlövhlük olardı. Onun fikrincə vəziyyət olduqca kritikdir:
“İran daxilində parçalanmalar hakimiyyətin mövqeyini birmənalı ifadə etməyə imkan vermir. İranda hazırda de-fakto hakimiyyət SEPAH-ın əlindədir və sivil xalqı təmsil edən hakimiyyət nümayəndələri sadəcə bəyanatlar vermək hüququna malikdir. Əgər sözü gedən dairələr ABŞ ilə razılaşsa belə SEPAH həmin şəxslərin razılaşmasını satqınlıq kimi qiymətləndirəcək. Diplomatik və sivil yolla deyil, yalnız hərb və digər radikal addımlarla məsələyə yaxınlaşan SEPAH bir çox dövlət tərəfindən terror təşkilatı kimi tanınıb. Əgər ABŞ tərəf müqabili olaraq bu qurumu seçərsə Vaşinqtonun diplomatik məğlubiyyəti kimi qəbul oluna bilər. Sözü gedən təkliflərdə hansısa razılıq əldə olunması üçün İranda normal hakimiyyət olmalıdır. Ali dini siyasi liderin həyatı və qərarları haqda da dəqiq məlumat yoxdur. Keçmiş liderin iki aya yaxındır dəfn olunmaması onun da sağ olması haqda şübhələr yaradır. Belə bir müəmmalı durumda ABŞ və İsrailin mövqeyi tamamilə rejimi sarsıtmaqdır. Danışıqlar və razılaşma görüntüsü sadəcə dünya ictimaiyyətinin diqqətini yayındırmaq və yaranmış iqtisadi böhrandan xilas yolu kimi təqdim olunur. Lakin faktiki olaraq tərəflər müharibəyə sülhdən daha yaxındırlar. Tərəflər arasında fikir ayrılığı qalmaqdadır. İran da özünü qalib hesab edir. Qalib tərəf də heç zaman geri çəkilmək istəmir. Sadəcə vaxt əldə etmək üçün müəyyən qədər siyasi manipulyasiya yol verir”.
T. İrfan qeyd edib ki, Donald Trampa qarşı davamlı olaraq sui-qəsdlərin icra olunduğu bir ərəfədə İran üçün hər keçən saat qiymətlidir:
“Odur ki, tərəflər ehtiyyat tədbirləri görür, yenidən müharibəyə hazırlaşırlar. Əgər həqiqətən də ABŞ və İran hansısa razılığa gəlsələr belə İran rejiminin devrilməsi üçün ciddi səylər göstərən İsrail bu danışıqları pozacaq. Müəyyən vaxtlarda hətta sülhə meyl edən ABŞ prezidentini Epşteyn dosyaları ilə təhdid etməkdən çəkinməyən gizli dairələr başlanılmış bir işin əsla yarıda saxlanılmasına imkan verməz. Ümumiyyətlə İranın da dövlət mövqeyi və mövcud strategiyası problemin savadsız həllini mümkünsüz edir. Danışıqlar üçün ayrılmış zaman, təqdim olunmuş təkliflər yalnız tərəflərin yeni savaşa stretegiya seçmələri üçün fürsət rolunu oynayır. Hər an həlledici qəfil müharibə başlaya bilər”.