Qırğızıstanda çevriliş olsa, ölkə çıxılmaz vəziyyətə düşəcək - ŞƏRH

"Sadır Japarovun sərt və açıq mövqeyi də məhz bununla bağlıdır”

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə mümkün siyasi çevrilişlə bağlı iddialara münasibət bildirərək belə bir ssenarinin real olmadığını bəyan edib. Dövlət başçısı “Kabar” informasiya agentliyinə müsahibəsində vurğulayıb ki, nə hüquqi baza, nə də ictimai-siyasi mühit hakimiyyət dəyişikliyi üçün zəmin yaradır.

Prezident ölkənin güclə deyil, ağılla idarə olunmalı olduğunu deyərək keçmiş hakimiyyətlərin aqibətinə işarə edib və zorakı idarəçilik modelinin uğursuzluqla nəticələndiyini bildirib. O, eyni zamanda icra intizamının gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib və bir neçə nazirin vəzifədən azad olunmasını bunun tərkib hissəsi kimi təqdim edib.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Qırğızıstanda ard-arda siyasi hakimiyyət çevrilişləri baş verməsi qardaş ölkəni çıxılmaz vəziyyətə gətirib çıxarmışdı:

“Qırğızıstanı yaxından izləyən birisiyəm, uzun illərdir, onilliklər boyu bu ölkədə baş verən prosesləri müşahidə edirəm. Bu çevrilişlər və inqilablar, bir qayda olaraq, Qırğızıstanı iqtisadi baxımdan Orta Asiyanın və ümumilikdə keçmiş SSRİ məkanının ən zəif ölkələrindən birinə çevirmişdi. İqtisadiyyat nəinki yerində sayırdı, hətta geriləyirdi. Siyasi sabitlik yox idi və təbii ki, belə bir şəraitdə ölkənin inkişafından danışmaq mümkün deyildi”.

Analitik qeyd edib ki, Sadır Japarov prezident seçildikdən sonra Qırğızıstan artıq sabitlik zolağına qədəm qoydu və bu gün də ölkə öz sabitliyini qoruyur:

“Prezident Japarov Kamçıbək Taşiyevin vəzifədən azad edilməsindən sonra xəbərdarlıq edir ki, yenidən inqilab cəhdləri olarsa, ölkə bir daha qeyri-sabitlik zolağına yuvarlana və onillərlə geri düşə bilər. Bu, həm siyasi rəqiblərə, həm də xalqa ünvanlanmış çağırışdır. Düşünürəm ki, Qırğızıstan xalqı buradan düzgün nəticə çıxaracaq. Çünki zor yolu ilə hakimiyyət dəyişikliyi ölkəni növbəti uzun illər üçün çıxılmaz vəziyyətə sala bilər. İnsanlar həqiqətən yorulublar -aclıq, səfalət, iqtisadi geriləmə və digər problemlər cəmiyyəti ciddi şəkildə yormuşdu. Halbuki, bütün bu problemlərin həlli istiqamətində Sadır Japarov mərhələli şəkildə addımlar atırdı və müəyyən uğurlar da əldə olunub. Düşünürəm ki, Qırğızıstanda ictimaiyyət bunu düzgün qiymətləndirə biləcək. Sadır Japarovun bu cür sərt və açıq mövqeyi də məhz bununla bağlıdır”.