Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH

Pashinyanın proqramı müzakirə olunur, Ermənistan Konstitusiyasında dəyişiklik gözlənilir

Ermənistan Baş naziri Nikol Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını açıqlayıb. Proqramda Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib: “Seçki proqramımız mənim müraciətimlə başlayır, bu müraciət isə 2021-ci ildə parlamentdə qəbul edilmiş hökumətin 2021-2026-cı illərə dair fəaliyyət proqramından sitatla başlayır. Əlbəttə, son vaxtlar bu hissədən dəfələrlə sitat gətirmişəm, amma seçki proqramımızın ayrılmaz hissəsi kimi onu yenidən oxumaq istəyirəm.

Ermənistan və region üçün sülh yolu ilə inkişaf dövrünün açılması, 2021-ci il növbədənkənar seçkilərin nəticələri ilə xalq qarşısında hökumətin üzərinə götürdüyü ən böyük missiyadır. Əziz Ermənistan vətəndaşı, “Vətəndaş Müqaviləsi” Partiyası sizin dəstəyinizlə qarşınızda üzərinə götürdüyü ən böyük missiyanı yerinə yetirib. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün sülh yolu ilə inkişaf dövrü açılıb.

İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” Partiyasına səs verərək sülhü qoruyun”. Nikol Paşinyan vurğulayıb ki, “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramının ideoloji əsası “Real Ermənistan” ideologiyası və Ermənistanın iqtisadi və institusional transformasiya doktrinasıdır. Ermənistan Baş naziri həmçinin 2026-2031-ci illər üçün əsas görüləcək işləri təqdim edib.

Nikol Paşinyanın Seçki Proqramını şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Ermənistanın son dövrlərdə sülh gündəliyini ön plana çıxarması regionda formalaşan yeni reallıqlarla birbaşa bağlıdır. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında hələ de-yure təsdiqlənməsə də, 8 avqust 2025-ci il tarixində sülh sazişinin paraflanması münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir:

“Uzun müddətdir atəşkəs rejiminə riayət olunması, sərhəddə sabitliyin qorunması və silahlı insidentlərin qeydə alınmaması tərəflər arasında etimad mühitinin formalaşdığını deməyə əsas verir. Bu proses fonunda iqtisadi əlaqələrin də tədricən bərpası diqqət çəkir. Belə ki, artıq bəzi enerji və kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq istiqamətində addımlar atılır və yaxın perspektivdə bu sahədə daha geniş razılaşmaların əldə olunacağı gözlənilir”.

M.Əsədullazadə qeyd edib ki, mövcud dinamika göstərir ki, faktiki olaraq regionda sülh mühiti formalaşıb və bu, Ermənistan cəmiyyətində də Nikol Paşinyanın siyasətinə dəstəyin artmasına səbəb olur:

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası üzərinə götürdüyü əsas missiyanı regionda sülhün təmin olunmasını böyük ölçüdə həyata keçirib. Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin bağlanması bu prosesin əsas nəticələrindəndir. Nikol Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə, Ermənistan Konstitusiyasındakı Müstəqillik Bəyannaməsi ilə bağlı dəyişikliklər üçün referendum keçirəcəyi də şübhə doğurmur. Paşinyan özü də bu bəyannaməni Ermənistanın bədbəxtçiliyi, qonşulara qarşı işğal sənədi kimi qəbul edir”.