"Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəfsiz xarici siyasət kursunu qoruyub saxlayır"
Ukrayna prezidentinin aprelin 25-də Azərbaycana səfəri Rusiyanın bəzi ekstremist mətbuat orqanlarının etirazçı ruhunu alovlandırıb. Məsələ ilə əlaqədar ölkənin mediası və siyasi dairələri arasında ikitirəlik müşahidə olunur.
Bir qrup, sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti ilə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıblar. Digərləri isə bu əməkdaşlığın Rusiya əleyhinə yönəldiyini iddia ediblər. Hətta saytların biri, “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” kimi ifadələrə yer verib. Təsadüfü deyil ki, ermənipərəst mövqeyi ilə Azərbaycana ittihamlar yağdıran, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin, Ukrayna-Rusiya görüşünün Azərbaycanda keçirilməsinə etiraz edib.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Rusiyanın Azərbaycana qənim kəsilən mətbuat orqanları əsassız məlumatlar yaymaqdan zövq alırlar:
“Bu qruplar Rusiyanın hərbi-siyasi dairələri ilə əlaqəli olaraq, “şərləmə kompaniyası” həyata keçirirlər. Rusiyanın radikal mətbuat orqanları Zelenskinin əməkdaşlıq etdiyi bütün ölkələri “düşmən” kimi təqdim edirlər. Qərəzli yanaşmaların əsas məqsədi, Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır. Onların Azərbaycanı arxadan vuran düşmən kimi qələmə verməyə haqqı yoxdur. Rusların ölkəmizə vurduğu zərbələr tariximizin yaddaşında silinməz iz buraxıb. Rusiya hökuməti Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanı hərbi-texniki baxımdan açıq şəkildə dəstəkləyirdi”.
Politoloqun sözlərinə görə ermənilər Rusiyaya məxsus texnika əsasında azərbaycanlıları hədəf alırdırlar:
“Rusiya mətbuatı ədalət axtarırsa, birinci bu məsələdən başlamalıdır. Azərbaycan severen ölkə olaraq, Ukrayna ilə iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq aparır. Lakin bu, silahlarımızı Rusiya əleyhinə Ukraynaya satacağımız anlamına gəlməməlidir. Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yalnız qtisadi xarakter daşıyır. Rusiya ilə Azərbaycan arasında dialoq imkanları yenicə dirçəlməyə başlayıb. Əgər radikal qrupların qərəzli mövqeyinə Rusiya hökuməti maraq göstərməzsə, Azərbaycanla dialoq imkanları zədələnməyəcək”.
İ.Vəlizadə vurğulayıb ki, Rusiya və digər ölkələr Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir:
“Rəsmi Bakı atdığı addımları Rusiyanın maraqları ilə uzlaşdırmağa məcbur deyil. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəfsiz xarici siyasət kursunu qoruyub saxlayır. Rusiya mətbuatı əməkdaşlığı real çərçivədə deyil, dezinformasiya prizmasından təqdim edir. Bu məsələlər yerli mətbuatda geniş şəkildə işıqlandırılmalı, radikal addımların qarşısının alınması tələb olunmalıdır”.