“Şirnikləndirilən ermənilər seçkilərdə birbaşa rusiyapərəst qüvvələrə səs verəcəklər"
"Rusiya müxtəlif yollarla Ermənistanda laxlamış “kral taxtı”nın ayaqlarını bərpa etməyə çalışır"
Ermənistanda siyasi gündəm Rusiyanın seçki prosesinə təsir göstərmək cəhdləri ucbatından qarışıq vəziyyət alıb. İyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkilərində, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Xüsusilə R.Köçəryan seçki kampaniyasını Paşinyanı təhqir və hədə üzərində qurub.
Paşinyan seçkilərə mümkün müdaxilələrin qarşısını almaq üçün Avropa İttifaqının missiyasını cəlb etsə də, ürəyindəki qorxu hissini söküb ata bilmir. Ermənistan mətbuatında Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə gətiriləcəyi barədə məlumatlar yayılıb. Parlamentin sədr müavini Ruben Rubinyan, Rusiyadan Karapetyana səs vermək üçün Ermənistana gələnlərin həbs olunacağını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, revanşist qüvvələrin vasitəsilə Rusiyadan gətirilməsi planlaşdırılan ermənilərin sayı mətbuata sızan rəqəmlərdən çoxdur:
“Hətta Rusiya Prezident Administrasiyasının Birinci müavini Sergey Kiriyenkonin rəhbərliyi altında səsvermə prosesinə təsir məqsədilə konkret bir qrupun yaradıldığı aşkar edilib. Maraqlısı odur ki, bununla bağlı məlumatlar ortaya çıxanda Kreml nə təkzib, nə də təsdiq etdi. Əsrlər boyu Erməni diasporunun Rusiyadakı mövqeyi möhkəm olub. Moskva diaspor nümayəndələrindən Ermənistandakı siyasi proseslərə təsir göstərmək məqsədilə alət kimi istifadə edir. Rusiya hökuməti rusiyayönümlü qüvvələrin Ermənistanda keçiriləcək parlament seçkilərində mövqelərini möhkəmləndirməsini arzuladığını gizlətmir”.
Politoloqun sözlərinə görə, Paşinyanın Moskvaya sonuncu səfəri zamanı Vladimir Putinin işlətdiyi ifadələr onların əsl niyyətini aşkara çıxardı:
“Putin açıq şəkildə bəyan etdi ki, Ermənistanda demokratik seçkilər yalnız rusiyapərəst siyasətçilərin iştirakının təmin olunacağı halda mümkün sayılacaq. Əslində, Putin bununla S.Karapetyan, həmçinin onunla eyni siyasi blokda təmsil olunan R. Koçaryan və Q.Sarukyanın seçkilərdə iştirakının təmin edilməsini tələb etdi. Onların Rusiyaya nökərçilik etdikləri hamıya məlumdur. Seçkilərə doğru irəlilədikcə, Rusiyanın Ermənistanla bağlı siyasi ritorikası daha sərt xarakter alır”.
Analitik vurğulayıb ki, Ermənistan dəfələrlə Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edilib:
“Moskva hər iki təşkilatda eyni vaxtda mövcudluğun mümkünsüz olduğunu diqtə etməyə çalışır. Burada Ermənistanın Avrasiya İqtisadi İttifaqından əldə etdiyi dividentlər və Rusiya ilə kölgə ticarətindən qazandığı gəlirlər də diqqətə çatdırılır. Rusiyanın öz geosiyasi maraqları naminə, Ermənistandan siyasi maşa kimi istifadə etdiyini göstərən sübutlar çoxdur. Hazırda ölkəmizdə həbsdə olan erməniəsilli, rusiyalı biznesmen Ruben Vardanyan Rusiyanın dəstəyi ilə Qarabağda qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi və hərbi-texniki təminatında əsas rol oynayıb”.
S. İsgəndərovun fikrincə, Rusiyada çalışan ermənilərin hər ay Ermənistandakı qohumlarına pul göndərməsi hibrid müharibə kontekstində müəyyən təsir imkanları yaradır:
“Şirnikləndirilən ermənilər seçkilərdə birbaşa rusiyapərəst qüvvələrə səs verəcəklər. Rusiya müxtəlif yollarla Ermənistanda laxlamış “kral taxtı”nın ayaqlarını bərpa etməyə çalışır. Moskvanın Ermənistanla bağlı planları Qafqazda yenicə cücərən sülh toxumlarını vaxtından əvvəl qurudub, çürütmək gücünə malikdir. Çünki Rusiyanın dəstəyinə söykənən radikal qüvvələr Qarabağa dair ərazi iddialarını gündəmə gətirir, Azərbaycanla sülh prosesinin əleyhinə danışırlar”.
Politoloqun qənaətinə görə, revanşist qüvvələrin hakimiyyətə qayıdışı bütün Cənubi Qafqaz ölkələrini risk altında qoyacaq:
“Hətta bu qüvvələrin mövqelərinin möhkəmlənməsi, regionda TRIPP kimi strateji layihələrin icrasına əngəl törədəcək. Göstərilən məkrli cəhdlərə baxmayaraq, radikal qüvvələrin qalib gəlməsi inandırıcı görünmür. Çünki Ermənistan hökuməti Avropa İttifaqı və ABŞ-yə yaxınlaşmaqla Rusiyanın formalaşmış təsir dairəsini daraldıb”.