Rusiya izi iddiası: Karapetyan “Vardanyan modelinin kopyasıdır” - ŞƏRH

Rusiyanın emissarı hakimiyyətə gələcəyi təqdirdə, Ermənistan yenidən Rusiyanın "qaranlıq tunelinə" qaytarılacaq

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Seçki prosesi ətrafında rüşvət iddiaları, həbslər və qarşılıqlı ittihamlar fonunda hakimiyyətlə müxalifət arasında qarşıdurma dərinləşir. Bu vəziyyət seçkilərin gedişinə və nəticələrinə dair ictimai-siyasi müzakirələri daha da aktuallaşdırır.

Hazırda Ermənistanda həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün digər vətəndaşlıqlardan imtina prosesinə başladığını bəyan edib:

“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarı verdim”.

Qeyd edək ki, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarına malikdir vəErmənistan parlamentinə 7 iyun tarixində keçiriləcək seçkilərdə iştirak etmək üçün Ermənistan vətəndaşlığından başqa digər vətəndaşlıqlara sahib olmaq maneə sayılır.

Eyni zamanda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “Güclü Ermənistan” partiyasının üzvləri ilə bağlı seçki rüşvəti iddialarına münasibət bildirib. O, sosial şəbəkə paylaşımında tərəfdarların rüşvət paylayarkən yaxalandığını iddia edərək, bunun məqsədli siyasi müdaxilə olduğunu vurğulayıb: “Elə bir qüvvə ilə qarşı-qarşıyayıq ki, açıq və məqsədli şəkildə Ermənistana göndərilib ki, seçkilərimizi oğurlasın. Onlar düşünürlər ki, Ermənistan xalqını pulla satın ala bilərlər. Qadağaları pozan hər kəs, cinsindən və statusundan asılı olmayaraq, məsuliyyətə cəlb olunacaq”.

Ermənistandakı seçki prosesini dəyərləndirən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Samvel Karapetyanın seçkilərə qatılması Paşinyan hakimiyyəti üçün müəyyən problemlər yarada bilər. Onun sözlərinə görə, Karapetyan həm maliyyə baxımından güclü imkanlara malikdir, həm də Həm də Kremlin açlq şəkildə dəstəyini almış bir rəqibdir:

“Əslində isə bu dəstəkdən daha çox vəzifələndirilmiş, birbaşa tapşırıq almış bir iddiaçıdır. O, vaxtı ilə Azərbaycan ərazisinə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsinə göndərilən Ruben Vardanyanın bir kopyasıdır. Bu baxımdan Ruben Vardanyanı Rusiyanın Ermənistandakı emissarı da hesab etmək olar. Görünür, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyandan ümidini itirən Kreml Ermənistanda həmin şəxslərin rəğbət yox, nifrət hədəfi olduğunu başa düşür. Ona görə də yeni bir emmisar göndərərək Ermənistanda seçkilər üzərindən hakimiyyətin dəyişdirilməsinə cəhd göstərir. Bu baxımdan onun Ermənistanda parlament seçkilərində namizəd olmaq üçün Rusiya və Kipr vətəndaşlığından imtina etməsi məcburi xarakter daşıyır”. 

Politoloq qeyd edib ki, Nikol Paşinyanın Rusiya səfəri zamanı Karapetyanın seçkidə iştirakı məsələsi müzakirə predmeti olsa da, Rusiya Prezidenti təminat ala bilmədi: “Putin Paşinyana mesaj verdi ki, Rusiya vətəndaşı olan şəxslər də seçkilərdə iştirak etmək hüququ qazansalar yaxşı olar. Lakin Paşinyan buna dərhal reaksiya verdi ki, Ermənistanda seçkilərdə yalnız Ermənistan vətəndaşı olan şəxslər iştirak edə bilərlər. 

Görünür, bundan sonra Kreml Karapetyana Rusiya və Kipr vətəndaşlığından imtina etmək tapşırığı verib. 

Lakin Karapetyan seçkilərə qatılsa da, yekub nəticənin necə olacağı hələlik müəmmalıdır. Samvel Karapetyanın arxasında Rusiya dayansa da, Paşinyanın da müəyyən təsir rıçaqları mövcuddur. Həm inzibati resurslar Paşinyanın əlindədir, həm də Avropa Birliyi onu dəstəkləyir. Buna paralel olaraq da, Amerika Birləşmiş Ştatları ilə imzalanmış TRİPP layihəsi barədə saziş mövcuddur. ABŞ TRİPP layihəsinin reallaşdırılmasında maraqlıdır. Həm ABŞ həm də digər siyasi dairələrdə anlayırlar ki, Paşinyan hakimiyyəti dəyişəcəyi təqdirdə Rusiya hakimiyyətə gətirdiyi emissarının vasitəsi ilə TRİPP layihəsinin reallaşmasına əngəl törədə bilər”. 

E. Xalidbəyli hesab edir ki, bu seçkilər Ermənistan üçün taleyüklü xarakter daşıyacaq:

“Paşinyan hakimiyyəti qalib gəlsə, Ermənistan yeni inkişaf mərhələsinə keçmək perspektivi qazanacaq, Rusiyanın emissarı hakimiyyətə gələcəyi təqdirdə isə Ermənistan yenidən Rusiyanın "qaranlıq tunelinə" geri qaytarılacaq”.