Rusiya və Ukraynanın danışıqlar masasına oturması çətin məsələdir - ŞƏRH 

"Mövcud şərtlər daxilində müharibənin yaxın zamanlarda bitəcəyini gözləmək tamamilə absürddür”

Ukrayna Rusiya arasında müharibə 4 ildən çoxdur ki, gərgin müstəvidə davam edir. Mayın 9-dan 11-dək qüvvədə olan üçgünlük atəşkəsə baxmayaraq, tərəflər hücumları yenidən bərpa ediblər. Mayın 21-də Ukraynanın Rusiya FTX qərargahına endirdiyi sarsıdıcı zərbə, cəbhədə gərginliyi pik həddə çatdırıb. Hücum nəticəsində yüzə yaxın Rusiya hərbçisi həlak olub. Hadisədən sonra Rusiya ordusu, Ukrayna ərazilərinə hücumları intensivləşdirib.

Mayın 26-na keçən gecə Ukraynaya iki “İsgəndər-M” ballistik raketi və 122 dronla zərbələr endirilib. Hücumların acınacaqlı vəziyyət alması BMT dairələrində əks-səda doğurub. ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Bryus, tərəfləri gərginliyi azaltmağa və danışıqlar aparmağa çağırıb. Rusiyanın BMT-dəki təmsilçisi Vasili Nebenzya isə Ukrayna ilə sülh danışıqlarının çıxılmaz vəziyyətdə olduğunu bildirib.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, Rusiya və Ukraynanın danışıqlar masasına oturması çətin məsələdir: 

“Dağıdıcı hücumlar bütün diplomatik ümidləri puç edib. Rusiyanın Ukraynaya intensiv reket hücumları, danışıqlarda maraqlı olmadığını göstərir. Əgər Rusiya tərəfi məsələlərə real və praktik yanaşarsa, Ukrayna da danışıqlar masasına oturacaq. Lakin ABŞ məsələyə daha çox Moskvanın tezisləri prizmasından yanaşır. Bu isə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini birbaşa təhdid altına salır. Məhz buna görə, Ukrayna onlarla hər hansı bir kapitulyasiyaya getməkdən çəkinir. Rəsmi Kiyevin sülh prosesi üçün əsas və qəti şərti, Rusiya qoşunlarının 1991-ci il sərhədlərindən (Krım və Donbas daxil olmaqla) tamamilə çıxarılması və ölkənin ərazi bütövlüyünün bərpasından ibarətdir. Bununla da Rusiya razılaşmır”.

Politoloqun sözlərinə görə, hazırda Ukrayna cəbhədə taktiki üstünlük qazanıb:

“Rusiyanın daxili bölgələrində yerləşən strateji hədəflərə irimiqyaslı və dağıdıcı zərbələr endirilir. Avropa İttifaqı isə Ukraynaya təxminən 2,8 milyard avro dəyərində yeddinci maliyyə yardımı paketinin ayrılmasını təsdiqləyib. Hesab edirəm ki, Rusiyanın Ukrayna üzərində qələbə qazanmaq şansı yoxdur. Hazırda Ukrayna hərbi və diplomatik təzyiqlər vasitəsilə Rusiyanı danışıqlarda güzəştə məcbur etməyə çalışır. Mövcud şərtlər daxilində müharibənin yaxın zamanlarda bitəcəyini gözləmək tamamilə absürddür”.