Rusiyadakı erməni diasporu Paşinyana qarşı seçkilərdə aktiv olacaq - ŞƏRH

Fuad Abbasov: “Rusiya Ermənistan seçkilərinə və hətta ABŞ-a təsir göstərə bilər”

Ermənistanda yaxınlaşan parlament seçkiləri siyasi gündəmi yenidən canlandırıb. Baş nazir Nikol Paşinyan seçki ərəfəsində ölkə daxilində “sadə vətəndaş” imici yaratmaqla, xalqın rəğbətini qazanmağa çalışır. Bununla yanaşı, o, Rusiyada yaşayan erməni diasporunun siyasi təsir imkanlarını da diqqətdə saxlayır.

Seçki mübarizəsində Paşinyanın qarşısında, revanşist düşərgəni təmsil edən sabiq prezident Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və həbsdəki oliqarx Samvel Karapetyan dayanır. Gərgin rəqabət mühitində, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin Rusiyada yaşayan ermənilərə siyasi təzyiqlərin göstərilməsi barədə xəbərdarlıq etməsi xüsusi diqqət çəkir. Buna baxmayaraq, Paşinyan Rusiyada yaşayan ermənilərin onun komandasını dəstəkləyəcəklərinə inandığını bildirib. Vaxtilə Rusiyadakı erməni diasporu nümayəndələrinin Paşinyanın istefasını tələb etdiklərini nəzərə alsaq, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin son xəbərdarlığı hakimiyyət üçün ciddi təhlükə mənbəyi olmalıdır.

Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, Rusiyada yaşayan bütün əhali ermənilər də daxil olmaqla, dövlətin propagandasının təsiri altında hərəkət edir:

“Ermənistanda keçiriləcək parlament seçkilərində, rusiyada yaşayan ermənilərin əksəriyyəti Paşinyana qarşı səs verəcək. Bu tendensiya Rusiyanın ölkə daxilində formalaşdırdığı siyasi və informasiya mühitinin təsiri ilə bağlıdır. Lakin Ermənistan diasporunun Rusiyada çox güclü olduğunu da nəzərə almaq lazımdır. Rusiyada erməni diasporunun ən tanınmış və təşkilatlanmış qurumlarından biri “Rusiya Erməniləri İttifaqı” (REİ) təşkilatıdır. Onun rəhbəri Ara Abramyan, zəngin iş adamı olmaqla yanaşı, Rusiya prezidentinin yanında Millətlərarası Münasibətlər Şurasının rəyasət heyətinin üzvüdür. Abramyan diaspor fəaliyyətinə vəsait ayırmaqla, istədiyi nəticələri əldə etmək potensialına malikdir. Ona görə də, Abramyanın rəhbərliyi ilə Rusiyadakı erməniləri Paşinyana qarşı seçki kampaniyasına yönləndirmək olduqca asandır. Çünki onlar Rusiya ilə Ermənistan arasındakı dostluq əlaqələrinin pozulmasında başlıca günahkar kimi Paşinyanı görürlər”. 

Politoloqun sözlərinə görə, Rusiya, Ermənistandakı parlament seçkiləri ilə yanaşı, dünyanın ən güclü dövlətlərindən biri olan Amerikanın da seçkilərinə təsir göstərmək potensialına malikdir:

“Ona görə də Paşinyan özünü Rusiya kimi böyük dövlətlə, siyasi mübarizə aparan lider olaraq Qərb auditoriyasına göstərməyə çalışır. O, Ermənistan daxilində Rusiyanın təsirində qalan xalqı, demokratik inkişaf yoluna aparan lider kimi təqdim edir. Baş nazir, bu cür açıqlamalarla Ermənistan cəmiyyətinin nəbzini də tutmağa çalışır. O, daxili auditoriyaya rəsmi Moskvanın, Ermənistanın siyasi proseslərinə müdaxilə etdiyini və ölkəni Serj Sarkisyan ilə Robert Koçaryan dövrünə qaytarmağa çalışdıqlarını göstərir. Hazırda Paşinyan Ermənistanın gələcəyi üçün strateji qərarlar qəbul etməkdədir. Bu prosesdə Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrinin bərpası faktoru xüsusi rola malikdir. Azərbaycan, Ermənistana neft, qaz və dizel yanacağı göndərməklə, ölkədə möhkəmlənmiş monopoliya ticarətinin, sındırılmasına səbəb oldu. Hazırda, Ermənistanda yeni iqtisadi siyasətin konturları formalaşmağa başlayıb. Gələcək perspektivdə rəsmi İrəvan, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrini genişləndirsə, Rusiya Ermənistandakı təsirini tamamilə itirəcək”.