Sərhəddə və Xankəndi ətrafından açılan atəş...

Törədilən təxribatların arxasında Rusiyanın durması gün kimi aydındır


Ermənistanın təxribatları artmaqdadır. Kəlbəcər, Gədəbəy, Naxçıvan, həmçinin Ağdam və Şuşa istiqamətində bölmələrimiz müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulmaqdadır. Ermənistan tərəfinin Azərbaycanla sərhədə qoşun cəmləməsi ilə bağlı xəbərlər yayılır. Bildirilir ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri də Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında fortifikasiya (kəşfiyyat cihazı) qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. 
  
Politoloq Həsrət Rüstəmov bildirib ki, sərhəddə və Xankəndi ətrafından açılan atəşlərin, törədilən təxribatların arxasında Rusiyanın durması gün kimi aydındır. Ekspertin sözlərinə görə, həm Ermənistandakı rus hərbi kontingenti, həm də erməni ordusunda agent missiyasını icra edən yüksəkrütbəli hərbi heyət qeyri-sabitliyin əsas səbəbidir: "Xankəndidəki "sülhməramlı" adı altında yerləşdirilmiş işğalçı rus ordusu da bölgədə gərginliyin qalmasına xidmət edir. Azərbaycan çox düzgün olaraq bütün atəş nöqtələrini vaxtında susdurur və təxribatlara artıqlaması ilə adekvat cavab verir. Bu cür sərt cavablar qarşı tərəfə "mövqelərimizdən əsla çəkilməyəcəyik" və "heç kimdən qorxmuruq" mesajlarını verir. Amma məsələnin köklü həlli yadelli hərbi kontingentin bölgədən birdəfəlik çıxarılması və Cənubi Qafqaza hər hansı kənar hərbçilərin yerləşdirilməməsinin üç ölkə arasında razılaşdırılmasından asılıdır".