"İranın razılaşmaya getməyəcəyi təqdirdə, mümkün hərbi əməliyyatlar yenidən nəzərdən keçiriləcək”
Müharibə abu-havası yenidən Yaxın Şərqi mühasirəyə alıb. İyunun 8-də İranın İsrailə ani hücumu tərəflər arasında imzalanan atəşkəsin yalnız kağız parçasından ibarət olduğunu ortaya qoydu. Hörmüz boğazı ərazisində ABŞ-yə məxsus hərbi helikopterin hədəf alınması regiondakı geosiyasi tarazlığı pozub.
ABŞ Prezidenti Donald Tramp iyunun 10-da helikopterə edilən hücumun cavabsız qalmayacağını bildirərək, İrana güclü zərbələr endirəcəklərini açıqladı. Hər kəs müharibənin qaçılmaz olduğunu düşünərkən, Trampın ani qərar dəyişikliyi bu təsəvvürləri alt-üst etdi. Hazırda ABŞ prezidentinin mövqeyində yumuşalma hiss olunur. O, İranla aparılan danışıqlarda yekun razılaşmanın bu həftəsonu və ya gələn bazar ertəsi imzalanacağına inandığını bildirib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Tramp razılaşmaya yaxın olduqlarını desə də, İran rəsmiləri onların təkliflərinə razılıq verməyib:
“Mübahisənin mərkəzində İranın uran ehtiyatları və nüvə proqramı dayanır. Rəsmi Tehran regionda təhlükəsizliyini təmin etmək üçün dövlət büdcəsinin böyük hissəsini proksi qüvvələrin silahlandırılmasına və nüvə proqramının inkişafına yönəldib. Hazırda ölkədəki sosial-iqtisadi problemlərin ən böyük səbəbi məhz bununla bağlıdır. Təsəvvür edin ki, ABŞ-nin tələbləri ilə razılaşmaq həm milyonlarla dollar xərclənmiş layihədən imtina etmək, həm də xalqın illərdir iqtisadi və sosial sahədə çəkdiyi sıxıntıların boşuna olduğu anlamına gələcək. Bu proses İran əhalisini molla rejiminə qarşı ayağa qaldıra bilər”.
Politoloqun sözlərinə görə, Trampın zərbə qərarından geri çəkilməsinin pərdəarxasında bir sıra səbəblər dayanır:
“ABŞ-də iyunun 14-də Trampın 80 illik yubileyi, iyulun 4-də isə ölkənin müstəqilliyinin 250 illiyi qeyd olunacaq. İranda isə iyunun 16-dan etibarən Məhərrəm ayı başlayacaq. Əli Xameneinin dəfn mərasiminin “Kərbəla günü” yəni Məhərrəm ayının 10-cu günündə keçirilməsi nəzərdə tutulur. Belə bir situasiyada tərəflər üçün müharibədən daha çox sülhün vacibliyi ön plana çıxır. Lakin imzalanacaq saziş nisbi xarakter daşıyacaq. Bunun yekun sülh müqaviləsi olacağını düşünmürəm”.
T.Rzayevin fikrincə, tərəflər arasında illərdir ki, nüvə proqramı üzərində dayanan problem həllini tapmayıb:
“ABŞ və İran 2013-2015-ci illərdə nüvə proqramının məhdudlaşdırılması barədə saziş imzalasa da, bu razılaşma yalnız kağız üzərində qalıb. Praktiki baxımdan ortaq mövqeyə gələ bilməyiblər. Hazırda məsələ ilə bağlı müqavilə imzalansa belə, gələcəkdə yenidən qarşı-qarşıya gələcəklər. Onu da nəzərə almaq lazımdır ki, əvvəlki sazişlərdə pozuntu baş verəndə proseslərin sonu hücumlarla bitmirdi. Hazırda ən kiçik hadisə belə hücum üçün əsas yaradır. İranın razılaşmaya getməyəcəyi təqdirdə, mümkün hərbi əməliyyatlar yenidən nəzərdən keçiriləcək”.