Taxıl sazişinin müddətinin uzadılması sual altındadır

Əgər kompromis əldə edilməzsə, qiymətlərdə bir müddət böyük artımlar olacaq


Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsinin gələcəyindən danışıb. Nazir qeyd edib ki, "Tolyatti-Odessa" ammonyak boru kəmərinin partlaması sübut edir ki, sövdələşməni pozmaq istəyənlər var. Lavrovun sözlərinə görə, bu müqavilə ilə yalnız Ukrayna tərəfinin aktiv ticarət fəaliyyəti göstərməsini təmin etmək istəyi müşahidə olunur: 

"Tamamilə unudurlar ki, biz də müqavilənin bir tərəfiyik və bizim də bu sənədə imza atmaqda öz maraqlarımız var". Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Moskva mütləq ehtiyacı olan ölkələrə Qərbin maneələrindən asılı olmayan marşrutlar üzrə taxıl tədarükünü davam etdirəcək: “Qoy onlar Qərbdə öz kommersiya maraqlarını həyata keçirsinlər. Bu taxıl və gübrə sövdələşməsinin Rusiya hissəsinin bloklandığı bütün o aylar ərzində biz inkişaf etməkdə olan ölkələrə Qərbin yaratdığı maneələrdən asılı olmayan marşrutlar üzrə taxıl tədarükünü davam etdirdik. Və biz bunu davam etdirəcəyik. Buna heç bir şübhə yoxdur”.

İqtisadçı Eldəniz Əmirov deyib ki, taxıl sazişinin müddətinin uzadılmaması buğdanın qiymətini yenidən qaldıra bilər. Ekspert bildirib ki, Lavrovdan öncə Vladimir Putin də “taxıl müqaviləsi”ndən çıxmaq barədə fikirlər, daha doğrusu, təhdidlər səsləndirmişdi: 

"Şərt olaraq ABŞ qarşısında "Rosselxozbank"ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyurlar. Amma Amerikanın bu tələblərdən azı ikisini rədd edəcəyi şübhəsizdir. Heç bir halda qəbul edilməsi real görünmür. “Taxıl müqaviləsi”ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zamanda taxılla bağlı problemlər yaranarsa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompromisə gəlinə bilər. Məsələn, "Rosselxozbank"ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının logistikasının bərpası mümkün ola bilər. Yox, əgər kompromis əldə edilməzsə, qiymətlərdə bir müddət böyük artımlar olacaq".