“İranın hərbi gücü uzunmüddətli zərbələrə tab gətirə bilməz”
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücumu halında müharibə cəbhəsinin Yaxın Şərqdən kənara çıxacağını bildirib. “Fars” informasiya agentliyinin məlumatında bildirilib ki, İrana qarşı təcavüz təkrarlanarsa, regional müharibə bu dəfə bölgədən çox kənara yayılacaq və təsəvvür edə bilməyəcəyiniz yerlərə dağıdıcı zərbələrimiz sizə sarsıdıcı məğlubiyyət gətirəcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun bu açıqlaması regionda gərginliyin daha da artacağına dair xəbərdarlıq kimi qiymətləndirilir.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, İranın “müharibə bölgədən kənara yayılacaq” mesajı əslində təhdid xarakteri daşıyır və ABŞ ilə İsrailin də tədbirlərini nəzərdən qaçırır: 
"Bu təhdidin altında real hərbi strategiya da ola bilər. Lakin İranın ABŞ hava qüvvələrinin intensiv zərbələrinə uzun müddət tab gətirməsi sual altındadır. Müjauebı anonsu həm İran həm də ABŞ və İsrail tərəfindən verilir. Ancaq bu anonslar əsasən qarşılıqlı hərbə-zorba xarakterlidir. Həmçinin daha çox siyasi-psixoloji təzyiq vasitəsi hesab oluna bilər. Həmişə qorxan tərəf daha çox təhdiddən istifadə edir. Bölgədən kənara çıxmaq ritorikasını da digər ölkələrin də narahat olması və ABŞ-a təsir etməsi üçün seçiblər. Müharibədən yeganə çıxış yolu İran rejiminin həm ideoloji əsaslarında həm də regional və daxili siyasətində köklü dəyişikliklər etməsinə bağlıdır. Əgər rejim daxilində islahatlar aparılarsa yumşalma və müharibə təhlükəsindən sovuşmaq olar. Lakin hazırda İranda hakimiyyət tamamilə SEPAH-ın əlində olduğu üçün bu seçim mümkün görünmür. Ona görə də müharibə seçimi daha aktualdır".
T. İrfan bildirib ki, ABŞ-nin Çinlə danışıqları və Rusiya ilə razılaşması zəminində tam olaraq İrana qarşı həlledici hücum həyata keçirilə bilər:
"Təbii ki, İran rejimi çöküş məqamında mümkün qədər müsəlman ölkələrinə zərbə endirib ziyan vuracaq. Çünki rejimin əsl mahiyyəti İslam adı altında əslində anti-islam, anti-müsəlman siyasəti yürütməkdir. Fələstin məsələsi üzərindən guya müsəlmanlara dəstək görüntüsü yaratmaqla əslində bütün Yaxın Şərqi təhlükəyə düçar edən rejim İsraili təhrik etməkdə davam edəcək. Bütün hallarda zaman fasiləsi olsa da İrana qarşı son və həlledici hücum olacaq. İranın digər ölkələrə, Yaxın Şərqə qarşı təhdidləri isə özünün aqibətini ağırlaşdıracaq və Körfəz ölkələrinin də müharibəyə qoşulmasına gətirib çıxaracaq".