Tramp İsrailin təzyiqlərinə müqavimət göstərəcək? - İsmail Cingözdən ŞƏRH

  • İsmail Cingöz: “Türkiyənin F-35 proqramına qayıdışı NATO üçün strateji dönüş nöqtəsidir”

"Axios" məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-nin "F-35" qırıcılarının Türkiyəyə mümkün satışı ilə bağlı tənqidi ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub.

Qeyd olunub ki, Netanyahunun iyulun əvvəlində Trampın Ankaraya səfərindən qısa müddət əvvəl "F-35"lərin Türkiyəyə satılmasına dair planları tənqid etdiyi qeyd olunub.

"Axios"un həmsöhbətlərindən biri bildirib ki, "ABŞ Prezidenti baş nazirin bəyanatlarından "qəzəblənib". Bu fonda Netanyahu artıq iki həftədən çoxdur ki, Trampla yeni görüş barədə razılığa gəlməyə çalışır, lakin bu görüş indiyədək təsdiqlənməyib".

İyulun əvvəlində Netanyahu bildirib ki, Türkiyəyə "F-35"lərin tədarükü Yaxın Şərqdə qüvvələr balansını pozacaq. Onun sözlərinə görə, o, şəxsən Prezident Trampı bu razılaşmadan imtina etməyə çağırıb. Netanyahu həmçinin bildirib ki, onun iddiasına görə, Türkiyə regionda sülh və sabitliyə kömək etmir, əksinə İsraili təhdid edir.

Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz Sherg.az-a mənbənin yazdığı məlumatlara dair fikirlərini söyləyib:

"İsrailin Baş naziri Benjamin Netanyahunun Türkiyəyə mümkün F-35 döyüş təyyarələrinin satışına etirazları və bu etirazların ABŞ Prezidenti Donald Trampı narahat etdiyi barədə yayılan xəbərlərin yalnız iki lider arasında diplomatik fikir ayrılığı kimi qiymətləndirilməməlidir. Bu inkişaf ABŞ-nin Yaxın Şərq siyasəti, NATO-nun gələcəyi və regional güc balansı baxımından diqqətlə izlənilməli olan strateji prosesə işarə edir.

İsrail uzun illərdir ki, regionda "keyfiyyətli hərbi üstünlüyünü" (Qualitative Military Edge) qorumağı milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biri hesab edir. Bu səbəbdən Türkiyə kimi güclü NATO müttəfiqinin yenidən F-35 proqramına daxil edilməsini və ya bu təyyarələri əldə etməsini Təl-Əviv təbii olaraq təhlükəsizlik prizmasından qiymətləndirir. Lakin ABŞ-nin qlobal maraqları ilə İsrailin regional təhlükəsizlik prioritetləri hər zaman tam şəkildə üst-üstə düşməyə bilər".

Analitik Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna malik, Qara dənizdən Qafqaza, Şərqi Aralıq dənizindən Yaxın Şərqə qədər uzanan geniş coğrafiyada kritik rol oynayan ölkə olduğunu vurğulayıb:

"Buna görə də Vaşinqton üçün Ankara ilə müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də NATO-nun çəkindiriciliyi və regional sabitlik nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.

Bununla yanaşı, "Axios"da yer alan xəbərləri hələlik ABŞ administrasiyası rəsmi şəkildə təsdiqləməyib. Buna görə də bu iddialara ehtiyatla yanaşmaq lazımdır. Lakin xəbər doğrudursa, bu vəziyyət Tramp administrasiyasının Türkiyə ilə münasibətləri yenidən strateji əsasda gücləndirmək axtarışında olduğunu və üçüncü ölkələrin təzyiqlərindən asılı olmayaraq hərəkət etmək iradəsi nümayiş etdirə biləcəyini göstərə bilər".

Politoloqun sözlərinə görə F-35 müzakirəsi döyüş təyyarəsinin satışı məsələsindən qat-qat geniş məna daşıyır:

"Bu məsələ ABŞ-Türkiyə münasibətlərinin gələcəyinə, İsrailin təhlükəsizlik yanaşmasına və Yaxın Şərqdə formalaşacaq yeni geosiyasi balansın qurulmasına birbaşa təsir etmək potensialına malikdir. Qarşıdakı dövrdə Vaşinqtondan veriləcək rəsmi açıqlamalar və atılacaq konkret addımlar regional təhlükəsizlik arxitekturasının necə formalaşacağını müəyyən edəcək. Buna görə də proses diqqətlə izlənilməli, spekulyasiyalara deyil, rəsmi qərarlara əsaslanılmalıdır".