Tramp NATO-nu sınağa çəkdi - ŞƏRH

Alyansın gələcəyi kifayət qədər qeyri-müəyyən görünür

ABŞ Prezidenti Donald Trampın NATO-ya qarşı sərt açıqlamaları Vaşinqtonla alyans arasında gərginliyin artdığını göstərir. "Reuters"in yaydığı məlumata görə, Tramp NATO-nun ABŞ-nin İrana yönəlik məqsədlərini kifayət qədər dəstəkləmədiyini bildirərək alyansa münasibətdə “iyrənmə” hissi ifadə edib və Vaşinqtonun səyləri nəticəsində Tehranın nüvə silahı əldə etməsinin qarşısının alındığını vurğulayıb. Eyni zamanda NATO-nun baş katibi Mark Ruttenin gələn həftə Vaşinqtona planlaşdırılan səfəri bu gərgin fonda baş tutur. Səfərin, Trampın müttəfiqləri İranla bağlı mövqelərinə görə sərt tənqid etməsindən sonra reallaşması diqqət çəkir. ABŞ rəhbəri müttəfiqlərin İrana qarşı mümkün hərbi əməliyyatları dəstəkləmədiyini bildirərək, ölkəsinin NATO-dan çıxmaq ehtimalını da gündəmə gətirib və xüsusilə Hörmüz boğazının açılması məsələsində alyansın rolunun vacibliyini vurğulayıb.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, ABŞ NATO-dan istədiyi dəstəyi ala bilmədi:

“ABŞ rəhbərliyi uzun zamandır belə bir sınaq dövrünün yaşanacağını deyirdi. Ümumiyyətlə, NATO soyuq müharibədən sonrakı rəqabət mühitində hərbi məqsədləri ikinci plana keçirməyə məcbur qalmışdı. Qarşıdakı hərbi blok dağıldığından, alyans öz varlığını necə davam etdirəcəyini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Bu dövrdə müəyyən yenidənqurma aparıldı, lakin Donald Tramp üzv ölkələrdən hərbi büdcələrinin 5 faizdən çoxunu ayırmağı tələb edirdi. Bu isə açıq şəkildə həyata keçirilmədi və NATO büdcəsinin 50-70 faizi ABŞ tərəfindən təmin olundu. Həmçinin, 2016-2017-ci illərdən sonra AUKUS kimi yeni bir birlik formalaşdırıldı. Bu, əsasən anqlosakson dövlətlərinin hərbi koalisiyası kimi təqdim olunur. Görünən odur ki, NATO-dan narazı qalan Amerika Birləşmiş Ştatlar daha çox anqlosakson üstünlüyünə əsaslanan yeni koalisiya formalaşdırmağa başlaya bilər. Bu halda NATO-nun klassik üzvləri, xüsusilə də bu dövrdə ABŞ-yə kifayət qədər dəstək verməyən ölkələr, təhlükəsizlik qayğıları ilə tək qala bilərlər. Buna görə də alyansın gələcəyi kifayət qədər qeyri-müəyyən görünür. ABŞ-nin aktiv rolu olmadan alyans üzvlərini birləşdirən əsas güc zəifləyəcəyindən, ortaq təhlükə hissinin azalması daxili parçalanma riskini də artıra bilər”.