Tramp Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı imzalayacaq

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Qeyri-rəsmi olaraq “cəhənnəm sanksiyaları” adlandırılan sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilib.

Sherg.az xəbər verir ki, qanun layihəsi Rusiyadan idxal olunan məhsullara 500 faizlik, Rusiya enerji resurslarını alan ölkələrdən gələn mallara isə 100 faizlik gömrük rüsumlarının tətbiqini nəzərdə tutur.

“The Wall Street Journal”ın məlumatına görə, Tramp qanun layihəsini imzalamağı planlaşdırır. “Politico” da sənədin qəbulundan sonra onun prezident tərəfindən imzalanmasının demək olar ki, qaçılmaz olduğunu yazıb.

Qanun layihəsi Hindistan və Çində də narazılıq doğurub. Hindistan Xarici İşlər Nazirliyi ölkənin ticarət-iqtisadi maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb. Çin isə ABŞ-ın beynəlxalq hüquqi əsasları olmayan ekstraterritorial sanksiyalarına qarşı olduğunu bildirib.

Amerikalı ekspert Malek Dudakovun fikrincə, yeni qanun ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətində ciddi dəyişiklik yaratmaya bilər. O bildirib ki, ABŞ prezidentinin onsuz da yeni məhdudiyyətlər tətbiq etmək üçün geniş səlahiyyətləri var.

Ekspert hesab edir ki, Tramp qanunu imzalasa da, enerji bazarındakı vəziyyətə görə yeni səlahiyyətlərdən fəal istifadə etməyə bilər. Onun sözlərinə görə, tariflərin tətbiqi isə ABŞ prezidentinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Kremlin sözçüsü Dmitri Peskov isə əlavə ABŞ sanksiyalarının Ukraynada sülh nizamlanması üzrə səyləri çətinləşdirəcəyini bildirib.