"ABŞ-İran müharibəsi faktiki olaraq hələ bitməyib"
“ABŞ-nin başına gələn bütün bəlaların səbəbi Trampdır”
ABŞ və İran arasında aprelin 8-də atəşkəs elan olunsa da, tərəflərin danışıqlar masası hələ ki, sülhdən uzaq görünür. Cəbhədə isə vəziyyət qarışıq hal alıb. ABŞ ordusunun İranın cənubundakı Sirik adasını hədəf almasına cavab olaraq, SEPAH dərhal əks-həmlə ilə qarşı tərəfin rabitə qülləsinə zərbə endirib.
SEPAH-ın bəyanatına görə Vaşinqtonun mümkün hərbi müdaxiləsinə veriləcək cavabın miqyası və forması tam fərqli olacaq. ABŞ Prezidenti Donald Tramp isə razılıq əldə olunmayacağı təqdirdə, İrana qarşı yeni hərbi əməliyyatlara başlayacaqlarını bildirib. Prezident bugünkü açıqlamasında, həm Demokratlar Partiyasının üzvlərini, həm də öz siyasi xəttinə sadiq olmayan respublikaçı təmsilçiləri İranla razılaşmaya mane olmaqda ittiham edib. Dövlət başçısı vurğulayıb ki, Amerika xalqı onun yürütdüyü siyasətə güvənməli və arxayın olmalıdır.
Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Sherg.az-a söyləyib ki, demokratların ABŞ-nin daxili və xarici siyasətinə müdaxilə etmək imkanları sıfıra bərabərdir:
“ABŞ-nin başına gələn bütün bəlalar Trampın yarıtmaz siyasətinin nəticəsidir. Məgər demokratlar Trampa dedilər ki, İsrailin oyununa qoşulub, İrana hücum etsin? Bütün bunlar Trampın səfehliyi və hegemonluğu ucbatından baş verdi. Onun İrana qarşı yürütdüyü uğursuz siyasət Konqres üzvlərini narahat edir. Bu ilin noyabr ayında Konqresin növbəti seçkiləri baş tutacaq. Trampın prezidentlikdən uzaqlaşdırılacağına dair arqumentlər var”.
Politoloqun sözlərinə görə, Trampın vəzifədən kənarlaşdırılması çox mürəkkəb, iki mərhələli impiçment prosedurundan asılıdır:
“Birinci mərhələdə Konqresin aşağı palatası ittihamları araşdırır və sadə səs çoxluğu (51%) ilə impiçment qərarı qəbul edir. Bu, Trampın rəsmən ittiham olunması anlamına gəlsə də, onun vəzifədən getməsi üçün kifayət etmir. İkinci mərhələdə isə iş yuxarı palataya, yəni Senata keçir. Prezidentin vəzifədən uzaqlaşdırılması üçün yuxarı palata üzvlərinin üzvlərinin azı 2/3 hissəsinin, ittihamların lehinə səs verməsi şərtdir”.
Z.Əlizadənin fikrincə, səs yığmaq üçün impiçment tərəfdarlarının heç bir şansı yoxdur:
“Odur ki, Trampın vəzifədən qovulacağı ilə bağlı gəzən şayiələr siyasi suların dibindən gələn boş sədadan başqa bir şey deyil. İran və ABŞ arasında danışıqlar getsə də, müharibə bitməyib. Atəşkəsdən bu yana İranın adaları və obyektləri bir neçə dəfə ABŞ-nin hücumuna məruz qalıb. Haqlı olaraq SEPAH da onlara cavab veriblər. ABŞ-nin İran limanlarını blokadada saxlaması da müharibə aktının bir parçasıdır. Müharibənin bitməsi üçün Tramp İsrailin maraqlarından danışmaqdan əl çəkməlidir. Çünki o, sionist quldurların əlində aciz duruma düşüb”.
Politoloq qeyd edib ki, Tramp dəfələrlə nüvə proqramı üzrə İranın güzəştə getdiyini açıqlasa da, bu barədə danışıqlara başlanılmayıb:
“Tərəflər ilk 30 gün ərzində sadəcə razılığa gəlməyə çalışırlar. Nüvə proqramı üzrə düyünlənən məsələlər isə 60 gündən sonra müzakirəyə çıxarılacaq. Axı ABŞ və İsrail nüvə silahına sahib ola bildiyi halda, İran nəyə görə bundan məhrum olmalıdır? Vaşinqtonun suveren ölkənin nüvə fəaliyyətinə burnunu soxmağa haqqı yoxdur. Trampa da bu əmri verən Netanyahudur. BAEA rəhbəri Rafael Qrossi isə İranın uran ehtiyatlarını Qazaxıstanda saxlanıla biləcəyindən bəhs edir. Müctəba Xamneinin qəti göstərişinə əsasən, uran ehtiyatları heç bir ölkəyə verilməyəcək. Onun əmrini heç kəs poza bilməz”.