Türkmənistanla əməkdaşlıq Zəngəzur dəhlizinin gələcəyini gücləndirir- ŞƏRH
İlham Əliyevin Aşqabad səfəri iki ölkə münasibətlərində yeni mərhələdir
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub. Prezident vurğulayıb ki, bu gün Azərbaycan və Türkmənistan yeni üfüqlərə doğru birgə addımlayır. Dövlət başçısının sözlərinə görə, türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaradıblar:
"Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır". Prezident İlham Əliyev bildirib ki, yaxın zamanlarda Füzulidə Türkmənistanın hədiyyəsi olacaq məscidin təməli qoyulacaq. Dövlət başçısı deyib ki, bu, Azərbaycana dəstəyin nümunəsi, qardaşlığın təcəssümüdür. Prezident söyləyib ki, burada inkişaf göstərir ki, ölkə etibarlı əllərdədir: "Bütün şəhər və kəndlər inkişaf edir, yeni şəhərlər salınır". Azərbaycan Prezidenti Türkmənistanın Arkadağ şəhəri ilə də Azərbaycanın Füzuli şəhərinin qardaşlaşmasının önəmini vurğulayıb və bunu münasibətlərin yüksək səviyyəsi kimi qiymətləndirib.
Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. Deputat vurğulayıb ki, 2024-cü ildə enerji qiymətləri və həcminin azalmasının ticari əlaqələrimizə təsirlərinə rəğmən ötən il qarşılıqlı dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb:
"Ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar idisə, 2024-ci ildə 383.7 milyon dollar olub. Ötən il Mərkəzi Asiya dövlətləri arasında 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. Göründüyü kimi, dövlətlər bir-biriləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var. Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir.
İqtisadçı-ekspert Eldəniz Əmirov da bildirib ki, Türkmənistanın "bitərəf" mövqeyi şəraitində Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı xüsusi əmək və peşəkar siyasət tələb edir. Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bir daha göstərir ki, ölkəmiz Aşqabadla əməkdaşlığı daha da dərinləşdirmək üçün ardıcıl addımlar atır:
"Türkmənistanın beynəlxalq hüquqi “bitərəf” statusuna baxmayaraq, biz həm siyasi, həm də iqtisadi sahədə əlaqələri genişləndirməkdə maraqlıyıq. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi rekord həddə – təxminən 774 milyon dollara çatdı. 2024-cü ildə bu rəqəm 383,7 milyon dollar səviyyəsində sabitləşdi, 2025-ci ilin ilk yarısında isə 140,2 milyon dollar təşkil edib. Enerji əməkdaşlığı da diqqətçəkəndir. 2021-ci ildən İran üzərindən həyata keçirilən qaz “swap” mexanizmi 2025-ci ilin martından Türkiyəyə qədər uzanaraq yeni mərhələyə qədəm qoyub. Türkmənistan mənşəli neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranzit həcmləri də ardıcıl artır. Bundan əlavə, Bakı-Türkmənbaşı bərə və dəmir yolu xətti, Türkmənbaşı limanının gücləndirilmiş imkanları, həmçinin Transxəzər rəqəmsal layihələri iki ölkəni Orta Dəhliz və Lapis-Lazuli dəhlizində mühüm tərəfdaş edir. 2021-ci ildə imzalanmış “Dostluq” yatağı ilə bağlı saziş isə illərlə davam edən siyasi maneəni aradan qaldıraraq Xəzərdə yeni birgə imkanlar açdı".
E.Əmirov əlavə edib ki, Türkmənistan 1995-ci ildən BMT tərəfindən tanınmış daimi bitərəf statusunu qoruyur:
"Bu mövqeyin davamlılığı ölkəni hərbi bloklardan kənarda saxlayır. Lakin hazırkı reallıqlar göstərir ki, Türk Dövlətləri Təşkilatı və regionun bütöv inteqrasiya prosesləri üçün Türkmənistanın mövqeyinə yenidən baxması faydalı ola bilər. İnanıram ki, Azərbaycanın ardıcıl təşəbbüsləri bu istiqamətdə öz müsbət effektini göstərəcək. Çünki Türkmənistanla sıx əməkdaşlıq həm ikitərəfli iqtisadi maraqlara xidmət edir, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə, Orta Asiyanın Qafqaza daha sıx inteqrasiyasına. Eyni zamanda Zəngəzur dəhlizinin Qafqazlara daha böyük faydalı olmasında Türkmənistan faktorunun rolu böyük olacaq".