Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH

Tofiq Abbasov: “Ukraynaya nüvə komponenti ötürmək beynəlxalq qanunlara açıq meydan oxumaqdır”

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniya və Fransanın Ukraynanı nüvə silahı ilə təmin etməyə hazırlaşdığı barədə sensasion iddia ilə çıxış edib. Xidmətin məlumatına görə, söhbət təkcə hərbi dəstəkdən deyil, həm də nüvə sahəsində avadanlıq və texnologiyaların gizli şəkildə Kiyevə ötürülməsindən gedir. Rəsmi London və Paris hələlik bu açıqlamaya münasibət bildirməyib. İddia beynəlxalq təhlükəsizlik mühitində onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə və Qərb-Rusiya qarşıdurmasının yeni mərhələyə keçməsi ilə bağlı sualları aktuallaşdıra bilər.

Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, nüvə silahlarının komponentlərinin bir ölkədən digərinə ötürülməsi qəti qadağandır:

“Bu məsələlərlə bağlı beynəlxalq nəzarət mexanizmləri daim müşahidə və inspeksiya prosedurları həyata keçirir. Əgər şübhəli məqamlar yaranarsa, yoxlamalar aparılır, mütəxəssislər göndərilir və araşdırmalar dərinləşdirilir. Yəni bu, qeyri-qanunidir. Hətta nəzərə alsaq ki, vaxtilə Ukrayna ərazisində nüvə silahlarının və başlıqlarının mövcudluğu ilə bağlı faktlar var idi. Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna həmin silahlardan könüllü şəkildə imtina etdi və bunun müqabilində təhlükəsizliyinə təminat verildi. Məntiq ondan ibarət idi ki, ölkənin təhlükəsizliyi beynəlxalq zəmanətlə qorunacaq. Faktiki olaraq isə bu prosesin pozulduğunu iddia edənlər var. Britaniya və Fransa, yaxud başqa bir dövlət tərəfindən nüvə silahı komponentlərinin Ukraynaya verilməsi sözün əsl mənasında təhlükəli manevr olardı. Məsələn, İranla ABŞ arasındakı qarşıdurmanı paralel götürək. Əgər İranın nüvə silahı olsaydı, ABŞ ona qarşı indiki formada təzyiq göstərə bilməzdi. Şimali Koreya nümunəsi də göstərir ki, nüvə faktoru balans yaradır. Ola bilsin ki, bəzi Avropa dairələri hesab edir ki, Ukrayna nüvə komponentləri ilə təmin olunsa, Rusiya geri çəkilə bilər”.

Politoloq qeyd edib ki, bunun praktik müstəvidə işlək mexanizm olmasına inanmır:

“Hətta komponentlərin ötürülməsi belə asan məsələ deyil. Digər tərəfdən, bunun üçün Ukraynanın uyğun infrastrukturunun olması lazımdır, saxlanma, texniki xidmət, təhlükəsizlik sistemi və s. Bunlar olduqca mürəkkəb və çoxpilləli prosedurlardır. Burada bir məqam da var: məsələnin arxasında avantürist yanaşma ehtimalı. Faktiki olaraq Ukrayna meydanında müharibə Rusiya ilə Qərb arasında gedir və Ukrayna bu qarşıdurmanın əsas platformasına çevrilib. Ölkə daxilində qəbul edilən qərarların bir hissəsinin strateji nəticələri ağır olub. Nəticə etibarilə Ukrayna böyük itkilərlə üzləşib: milyonlarla insan ölkəni tərk edib, cəmiyyət parçalanıb, iqtisadi və sosial sistem ciddi zərbə alıb. Bu proseslərin fonunda istər London, istər Berlin, istər Paris, istərsə də Moskva öz geosiyasi maraqlarını ön plana çəkir. Bu isə üçüncü bir dövlətin faktiki olaraq qurban verilməsi mənzərəsini yaradır . Proses Ukrayna dövlətçiliyi üçün ciddi faciədir. Digər tərəfdən yayılan məlumat informasiya manevri də ola bilər. Yəni bunun Rusiyanı müəyyən psixoloji və ya siyasi reaksiya verməyə vadar etmək üçün istifadə edilən kontent olması ehtimalı var. Amma real baxımdan Ukraynanın hazırkı vəziyyətdə nüvə silahını əldə etməsi, onu saxlaması və texnoloji baxımdan idarə etməsi çox çətin görünür. Vaxtilə müəyyən bəyanatlar səslənsə də, bunun texniki və texnoloji imkanlarının hansı səviyyədə olduğu sual altındadır. Xaricdən dəstək nəzəri olaraq mümkündür, lakin bunun reallaşması həm hüquqi, həm texniki, həm də siyasi baxımdan son dərəcə riskli və az ehtimallı görünür”.