Asim Mollazadə: “Avropa Birliyi enerji təhlükəsizliyini Azərbaycanla birləşdirir”
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıda Prezident İlham Əliyev ilə görüş keçirərək regional sülh, nəqliyyat əlaqələrinin inkişafı, enerji əməkdaşlığı və Cənubi Qafqazın Avropa ilə inteqrasiyasını müzakirə edib. Səfər fonunda Avropa İttifaqı regionda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi üçün 200 milyon avroya qədər maliyyə paketi ayıracağını açıqlayıb. Bununla yanaşı, sərhədyanı icmaların dəstəklənməsi, minatəmizləmə, səhiyyə və kiçik biznes layihələri üçün əlavə 20 milyon avroluq proqramın həyata keçiriləcəyi bildirilib.
Brüsselin bu təşəbbüsü Azərbaycan-Ermənistan sülh prosesinə iqtisadi dəstək vermək, Orta Dəhlizin imkanlarını genişləndirmək və Avropa ilə Mərkəzi Asiya arasında yeni bağlantıları gücləndirmək məqsədi daşıyır. Bu baxımdan, Von der Leyenin Bakı səfəri təkcə ikitərəfli münasibətlər deyil, həm də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni strateji yanaşmasının mühüm göstəricisi hesab olunur.
Millət vəkili Asim Mollazadə Sherg.az-a söyləyib ki, Azərbaycanın həyata keçirdiyi, uzun illər ərzində formalaşdırdığı strategiya Avropa Birliyi üçün çox böyük önəm daşıyır:

“Azərbaycan enerji sahəsində, nəqliyyat sahəsində, kommunikasiyaların şaxələndirilməsi istiqamətində öz logistika layihələri vasitəsilə çox böyük nailiyyətlər qazanır. Ona görə də Azərbaycanın yaratdığı sistem bu gün Avropa Birliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Həmçinin Avropa Birliyi Azərbaycanın enerji resurslarından bəhrələnmənin həcmini artırır. Çünki Rusiya qazı sıradan çıxır və Avropa Birliyi öz enerji sistemini Azərbaycanla birləşdirir. Digər tərəfdən Azərbaycanın yaşıl enerji sahəsində apardığı işlər də Avropa Birliyi üçün çox mühüm əhəmiyyət kəsb edir. Onlar Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirəcəklər”.
Parlamentari qeyd edib ki, biz Şərqlə Qərb arasında Asiya və Avropa qitələrini birləşdirən sistem yaradırıq:
“Burada bizimlə əməkdaşlıq edən qardaş türk dövlətləri Avrasiya məkanında yeni bir keyfiyyət yaradır və bu, Avropa Birliyi üçün çox mühüm amildir. Buna qarşı, Avropa Parlamentində çıxış edən, uzun illərdir Rusiya ilə əlaqələri olan, İranla əlaqələri olan bəzi siyasətçilər Azərbaycanı ləkələməyə çalışırlar. Lakin artıq Avropada hamıya aydındır ki, Azərbaycanın strategiyası əməkdaşlıq, tərəfdaşlıq və bölgədə sülh yaratmaqdan ibarətdir. Ursula von der Leyenin səfəri də Azərbaycana dəstəyin ifadəsi oldu. Onlar Azərbaycanı alqışlayırlar. Bu səfərin əsas nəticəsi Azərbaycan ünvanına olan alqışlardır”.