WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirildi - YENİLƏNDİ

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib.

Teleqraf xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumarın moderatorluq etdiyi sessiya “Paylaşılan prioritetləri kollektiv fəaliyyət momentumuza necə çevirə bilərik?” mövzusuna həsr edilib.

Tədbir ümumi prioritetləri üzə çıxarmaq və ilkin öhdəlikləri stimullaşdırmaq üçün hekayə nəqlini, yüksəksəviyyəli dialoqu və interaktiv iştirakçılığı özündə birləşdirir. Mənzil təminatı sahəsində artan çətinliklər, iqlim təzyiqləri və getdikcə dərinləşən bərabərsizliklərlə xarakterizə olunan bir dövrdə bu açılış rəsmi mərasim çərçivəsindən kənara çıxaraq, iştirakçıları forumun yekun nəticələrinə birbaşa töhfə verən qüvvə kimi fəallaşdırır.

Sessiyada çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bu gün dünyada məskunlaşma ilə bağlı baş verən böhran təkcə binalarla bağlı deyil, bu, insanların təhlükəsizliyi və imkanlara çıxışların əlçatan olması ilə bağlıdır. Birbaşa iqlimlə bağlı olan bu məsələ gələcək dayanıqlığı da ehtiva edir. Ona görə də Ümumdünya Şəhərsalma Forumu olduqca vacibdir.

O bildirib ki, WUF burada müxtəlif maraqlı tərəfləri təmsil edir. Bunun əsas güclü cəhəti ondan ibarətdir ki, biz inklüziv yanaşmanı təşviq etməliyik. Bu, cəmiyyətin müxtəlif təbəqələrini, bərabərhüquqlu insanlar və tərəflər kimi bir araya gətirir. Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir. Forum qadınların, uşaqların, gənclərin, vətəndaş cəmiyyətinin səslərini bir araya gətirir. Yerli hökumət idarəetmə qrupları da bütün bu müzakirələrə cəlb olunaraq WUF13 ilə bağlı nəticələri bir araya gətirməlidirlər.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilində əməyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycana təşəkkür edib. Bildirib ki, bu, assambleyanın işini mənalı edir.

İcraçı direktor nəzərə çatdırıb ki, bu, qlobal bir platformadır və şəhərsalma problemlərinin həlli üçün olduqca vacibdir. Forumda iştirak edən dövlət təmsilçiləri, vətəndaş cəmiyyətləri və digərləri urbanizasiyanın gələcəyini necə gördüklərini bölüşəcəklər. Müzakirələr proseslərə ilham verəcək. Həmçinin biznes icmalarının burada iştirakı vacibdir. Forum yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır.

Tədbirdə çıxış edən Mexiko şəhər hökumətinin başçısı Klara Bruqadanın fikrincə, bu Forum bəşəriyyət üçün şəhərsalmanın gələcəyini quracağımız strateji bir məkandır. Yerli hökumətlər tərəfindən təşviq edilən açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyac var. Bu fəaliyyətlər şəhərlərin sosial-iqtisadi inkişafını və ekoloji transformasiyasını təmin etməlidir.

Banqladeşdən olan uşaq hüquqları müdafiəçisi və jurnalist Imtiaz Ahmed bildirib ki, çətinliklər və imkanlar hər bir gecəqonduda yaşayanlar üçün eynidir. Onun sözlərinə görə, uşaqlar üçün ev sadəcə fiziki bir struktur deyil, hər bir uşağın hüquqlarının təməlidir. Çünki yaşamağa evi olmayan bir uşağın sağlam qalması, başının üstündə dam olmadan təmiz su, gigiyena və sanitariya kimi fundamental hüquqlara çıxış əldə etməsi qeyri-mümkündür. Ev dayanıqlı və təhlükəsiz olmadıqda təhsilin əlçatmaz olduğunu və bütün səylərin sağ qalmaq mübarizəsinə çevrildiyini qeyd edən Imtiaz Ahmed təhlükəsiz evin uşaqları zorakılıqdan qoruyan bir qala və inkişaf təməli olduğunu vurğulayıb.

“Slum Dwellers International” (SDI) təşkilatının qurucu üzvü Celine Dcruz Mumbayda şəhər yoxsulları ilə yaxından çalışmış biri olaraq səlahiyyətsizliyin nə olduğunu və sonradan o gücü əldə etməyin nə demək olduğunu yaxşı anladığını deyib. O, yerli hakimiyyət orqanlarının bəzən şəhərdəki böyük problemləri görüb hardan başlayacaqlarını bilməyərək çarəsiz qaldıqlarını söyləyib. Mumbayda da gecəqondularda yaşayan 6 milyon insanla bağlı eyni vəziyyətin yarandığını deyən Celine Dcruz bu problemin həlli istiqamətində görülən işlərdən bəhs edib.

BMT-nin Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi Samir Məmmədov təmsil etdiyi qurumun əsas diqqətinin sosial sahəyə, inkişafa və biznesə yönəldiyini söyləyib. Bildirib ki, daha dayanıqlı təcrübələrin tətbiqi üçün məsuliyyətli biznes və inkişafı təşviq edən üzvlük təşkilatıdırlar.

Bu gün biznesin reallığı dəyişdiyini diqqətə çatdıran Samir Məmmədov deyib: "Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir. Bu, istər zərər, istərsə də mənfəət şəklində birbaşa pula çevrilir. Bu, innovasiya tələb edir. Biznesin hər bir sahəsində olduğu kimi, burada da ya qalib gəlirsiniz, ya da uduzursunuz".

Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Kristina İnglesin sözlərinə görə, təhlükəsiz ev sadəcə sığınacaq deyil, daha artıqdır. Onun fikrincə, bu, imkanlara, sağlamlığa, təhsilə çıxış deməkdir, lakin hər şeydən öncə sabitliyə, ləyaqətə və bir yerə aid olma hissiyatına qovuşmaqdır. “Mən bura fərdi iradə və fəaliyyətimlə hər bir qadının mübarizəsinə töhfə vermək və həmin arzuların çin olması üçün lazımi şəraitin yaradılmasına kömək etmək üçün gəlmişəm. WUF bunun üçün ideal platformadır”, - deyə Ana Kristina İngles əlavə edib.