Yaxın zamanda sülh mümkün görünmür - EKSPERT

Çünki Paşinyanın hüququ rıçaqları yoxdur. Azərbaycanla Ermənistan arasında hələ ki ticarət əlaqələri davam edəcək

“Sülh müqaviləsinin yaxın zamanda bağlanacağını gözləmirəm. Çünki Paşinyan bunun üçün hüquqi rıçaqlara sahib deyil hələ ki”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri Asəf Quliyev bildirdi. Birlik sədri qeyd etdi ki, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin parlament seçkilərində qalib gələcəyi planlaşdırılırdı, amma iki variant var idi: 

- Variantlardan biri bu idi ki Paşinyan parlamentdə sadə səs çoxluğu əldə edir, ikinci variant isə konstitusion səs çoxluğunun əldə olunması idi. Sadə səs çoxluğu 50 faiz +1, konstitusion səs çoxluğu isə parlamentdə təmsil olunan səslərin 3-də 2-si deməkdir. N.Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə sadə səs çoxluğu əldə etdilər. Şəxsən mənim üçün əsas göstərici budur ki, Rusiyanın maraqlarını təmsil edən Samvel Karapetyanın, Köçəryan, Saakyanın rəhbərlik etdiyi siyasi qüvvələr 3-ü birlikdə Paşinyan qədər səs toplamadı. Bu özü bir göstəricidir. Paşinyanın konstitusion səs çoxluğu əldə etməsi Azərbaycan üçün daha yaxşı nəticə olardı. Ona görə ki gələcəkdə sülh müqaviləsinin nəhayət bağlanması üçün Ermənistan Konstitusiyasında müəyyən dəyişikliklər edilməlidir, bunu Azərbaycan tələb kimi irəli sürüb. İndiki halda Paşinyan üçün bu problemi həll etmək çətin ola bilər. Bunun üçün müəyyən zaman lazımdır, proses uzanacaq bir qədər. Ona görə də sülh müqaviləsinin tez bağlanacağını gözləmək olmaz. Amma kommunikasiyaların açılması, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi baxımından bundan sonra daha intensiv addımlar atılacaq. 

A.Quliyev bildirdi ki, Azərbaycan baş nazirin müavini Şahin Mustafayevin Ermənistana səfəri, erməni iş adamları ilə görüşü, həmçinin, bu günlərdə Qarsda Türkiyə və Ermənistan iş adamlarının görüşünün keçirilməsi proseslərin intensiv xarakter alacağını göstərir: 

- Şahin Mustafayevin Ermənistan səfəri barədə geniş məlumat verilməsə də, onun ermıni iş adamaları ilə görüşdüyü məlumdur, eyni zamanda Qarsda Türkiyə və Ermənistan iş adamlarının görüşü də çox əhəmiyyətlidir. Bilirik ki, Ermənistanın Azərbaycanla sülhə nail olmasında maraqlı tərəflərdən biri məhz Türkiyədir. Əlaqələrin genişlənməsi, Türkiyənin Emənistanla sərhədləri açması məsələsi var. Hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan da bu proseslər gedəcək. Tramp dəhlizi ilə bağlı proses irəliləyir. Sülh müqaviləsi olmadan sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində də işlər davam etdiriləcək. Amma sülh müqaviləsiz. Azərbaycanın tələblərinin yerinə yetirilməsi çətindir, amma mümkünsüz deyil, hesab edirəm ki, N.Paşinyan tələblərin yerinə yetirilməsi üçün müəyyən addımlar atacaq. Sülh müqaviləsi imzalanmadan Azərbaycan Ermənistan arasında diplomatik əlaqələr olmayacaq. Türkyənini iddiası var ki sülh müqaviləsi bağlandıqdan sonra iki ölkə arasında sərhədlər açılacaq. Güman edirəm, bu da həll olunan problemdur. Azərbaycanın razılığı olsa, sərhədlər açıla blər. Proeseslər hələ ki bu yöndə davam edir. Gözləyək görək Paşinyan hansı addımlar atacaq. Paşinyan əgər dediklərində səmimidirsə, Ermənistanın maraqlarını üstün tutacaq, bu maraqlar da Azərbaycan və Türkiyə ilə inteqrasiyaya bağlıdır. Lakin Paşinyan Rusiyanın təzyiqlərindən çəkinərək tempi artırmadan davam etmək istəsə, bu, müəyyən vaxt aparacaq. Yaxın zamanda sülh müqaviləsinin bağlanacağını gözləmirəm. Çünki Paşinyanın hüququ rıçaqları yoxdur. Azərbaycanla Ermənistan arasında hələ ki ticarət əlaqələri davam edəcək. 

Qalereya