"YENİ Partiya tələsik qurulub, yekun qərar vermək tezdir" - Türk ANALİTİK

  • Alihan Limoncuoğlu: "Loqosu belə müzakirə yaradır, adı da, simvolu da sual doğurur"

Özgür Özəllə birlikdə 91 millət vəkilinin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq YENİ Partiyaya keçməsi Türkiyə Böyük Millət Məclisində siyasi qüvvələr nisbətini dəyişib. Yeni bölgüyə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 277 deputatla birinci yerdə qalıb,

YENİ Partiya 91 mandatla əsas müxalifət statusunu qazanıb. Ardınca DEM Partiyası (56), MHP (46) və CHP (44) qərarlaşıb. Beləliklə, CHP parlamentdə ikinci yerdən beşinci yerə enib. Yeni mandat bölgüsünün parlament komissiyalarının, sədr müavinliklərinin və digər rəhbər vəzifələrin yenidən formalaşdırılmasına səbəb olacağı gözlənilir. Məlumata görə, CHP artıq iki deyil, yalnız bir qrup sədr müavini ilə təmsil olunacaq. Baş verən bu dəyişikliklər fonunda yeni partiyanın gələcək siyasi perspektivləri ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir. 

Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Alihan Limoncuoğlu Sherg.az-a YENİ partiyanın fəaliyyəti barədə qəti nəticə çıxarmaq üçün hələ tez olduğunu deyib: 

"Yeni qurulan partiya haqqında danışmaq üçün hələ çox tezdir, gözləyib görmək lazımdır. Hazırda aparılan təhlillər proqnozlardan o tərəfə keçmir.

Bir neçə həftə sonra Özgür bəy danışdıqdan sonra daha çox fikir sahibi ola bilərik. Tələsməmək lazımdır". 

Analitikin fikrincə, partiya sanki tələsik qurulmuş kimi görünür:

"Bir simvolunun olmaması, adının çox da düşünülməmiş təsir bağışlaması, simvolunun Netflix-ə bənzəməsi kimi səbəblərə görə bir qədər tələsik hazırlanmış kimi görünür".