Zelenskinin Bakı səfəri regionda yeni diplomatik mərhələnin başlanğıcıdır - ŞƏRH

Hikmət Babaoğlu: "Azərbaycan həm Şərq, həm Qərb üçün etibarlı tərəfdaş kimi önə çıxır”

Bu gün Ukrayna lideri Volodimir Zelenski Azərbaycanla əməkdaşlıq münasibətlərinə yeni nəfəs vermək məqsədilə Bakıya səfər edib. İlham Əliyev Ukraynalı həmkarı ilə keçirilən görüşdə energetika, iqtisadiyyat, təhlükəsizlik, hərbi sənaye və ticarət kimi strateji sahələr üzrə geniş fikir mübadiləsi aparıb. Liderlər arasında sonuncu görüşün cəmi iki ay əvvəl baş tutması, Azərbaycanla Ukrayna arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini ortaya qoyur.

Azərbaycan humanizm, beynəlxalq həmrəylik prinsiplərinə əsasən müharibənin doğurduğu fəsadlardan əziyyət çəkən Ukrayna xalqına bu günə qədər 11 yardım paketi göndərib. V.Zelenski, göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Görüşün diqqət çəkən məqamlarından biri də, Ukrayna liderinin Rusiya ilə mümkün dialoqun Azərbaycanda keçirilməsi ehtimalına toxunması oldu. Adətən münaqişə tərəfləri danışıqları neytral və beynəlxalq statuslu ölkələrdə aparmağa üstünlük verirlər. Ukrayna liderinin bəyanatı, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq etimad qazandığını və güvənilən aktor statusunu möhkəmləndirdiyini göstərir.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Ukrayna liderinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı dır: 

“Azərbaycan xarici siyasətində başqa ölkələrlə əməkdaşlıq edərkən bunu heç vaxt üçüncü ölkələrə qarşı yönəltməyib. Məhz buna görə, Ukrayna lideri, növbəti danışıqların Azərbaycanda keçirilməsi ehtimalından söz açıb. Azərbaycan qarşılıqlı əlaqələrini beynəlxalq hüququn prinsiplərinə və öz milli maraqlarına əsaslanaraq formalaşdırır”. 

Deputatın sözlərinə görə Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər çox qədim və dərin köklərə malikdir:

“Hətta bu əlaqələr ortaq etnik köklərə qədər gedib çıxır. Qıpçaqlar, Polovetslər və Kumanlar kimi türk mənşəli köçəri tayfalar həm Ukrayna, həm də Azərbaycan xalqlarının etnogenezinin formalaşmasında mühüm rol oyanayıblar. Ölkələr arasında, kökləri uzaq əsrlərə uzanan və bu gün də izlərini qoruyan tarixi-mədəni bağlılıq var. Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında yeni diplomatik imkanlar formalaşdıran və beynəlxalq münasibətlərdə fəal mövqe sərgiləyən dövlətdir”. 

Parlamentari vurğulayıb ki, hazırda ölkəmiz regional diplomatik platforma kimi çıxış etməyi də bacarır:

“Bu roluna görə digər ölkələrin diqqətini çəkməkdədir. Azərbaycan beynəlxalq münaqişələrə münasibətdə həm “yumşaq güc” alətlərindən istifadə, həm də hərbi-siyasi müdaxilə məsələlərində ehtiyatlı mövqe saxlayır. Bunu Ukrayna-Rusiya münaqişəsi kontekstində də aydın şəkildə müşahidə etmək mümkündür”.

Hikmət Babaoğlunun fikrincə, Azərbaycan kimliyindən asılı olmayaraq çətin vəziyyətdə olan ölkələrə humanitar yardım göstərməkdən çəkinmir: 

“Çünki ölkəmiz müharibənin ağır nəticələrini və onun yaratdığı fəsadları öz tarixi təcrübəsində yaşamış dövlətdir. İki ölkə arasında kənd təsərrüfatı məhsulları, sənaye malları və ərzaq üzrə ticarət dövriyyəsi davamlı şəkildə artır. Bununla yanaşı, Azərbaycan Ukraynaya neft məhsulları və enerji sektorunda istifadə olunan avadanlıqların ixracını həyata keçirərək strateji iqtisadi tərəfdaş kimi çıxış edir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də insanlararası əlaqələrdir. Tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və diaspor təşkilatlarının fəaliyyəti iki xalq arasında münasibətlərin möhkəmlənməsinə şərait yaradır”. 

Millət vəkili bildirib ki, Azərbaycan ölkələr arasında eyni dərəcədə məsafə saxlalayaraq, iqtisadi və humanitar inkişaf imkanlarını reallaşdırmağa çalışır:

“Azərbaycan Rusiya, Avropa İttifaqı, Gürcüstan və digər ölkələrlə münasibətlərində, balanslı və praqmatik xarici siyasət yürütməklə əməkdaşlığı inkişaf etdirir. Ukrayna Prezidentinin ölkəmizə səfəri regional təhlükəsizliyin möhkəmləndirilməsinə, sülhün təşviqinə və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verən əlamətdar səfər olaraq yadda qalacaq”.