400 pişik kəsilməkdən son anda xilas edildi

Vyetnamın Ho Şi Min şəhərində polis pişik əti üçün heyvan oğurlayan şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində 400-dən çox canlı pişik xilas edilib, onlarla ölü heyvan isə aşkar olunub.

Sherg.az xəbər verir ki, yerli medianın məlumatına görə, ev heyvanlarının oğurlanması ilə bağlı artan şikayətlərdən sonra həyata keçirilən əməliyyatda 9 nəfər saxlanılıb. Şübhəlilər son üç il ərzində ölkənin müxtəlif bölgələrində pişikləri tələlər və yemlər vasitəsilə tutduqlarını etiraf ediblər.

Əməliyyat zamanı kəsilərək qida kimi istifadə olunmaq üçün saxlanılan 400-dən çox canlı pişik, buz içində saxlanılan 80 ölü pişik və ayrıca bir müəssisədə tapılan 21 pişik ələ keçirilib.

Vyetnamda pişik və it əti istehlakı qanuni olsa da, satış üçün heyvanların mənşəyini təsdiqləyən rəsmi sənədlərin olması tələb olunur. Buna baxmayaraq, bəzi restoranların bu məhsulları açıq şəkildə satdığı bildirilir.

Heyvan haqları təşkilatı “Humane World for Animals” oğurlanan pişiklərdən azı 40-nın sahiblərinə qaytarıldığını açıqlayıb. Təşkilat polis əməliyyatını “çoxsaylı heyvanın həyatını xilas edən mühüm müdaxilə” kimi qiymətləndirib.

Lakin xilas edilən pişiklərdən təxminən 100-nün ağır şərait və sağlamlıq problemləri səbəbindən sonradan öldüyü bildirilib.

Təşkilat rəsmiləri hazırda polis bölməsində saxlanılan pişiklərin vəziyyətindən narahat olduqlarını, onlara yem və soyutma vasitələri göndərilməsi üçün dəstək göstərdiklərini qeyd ediblər.