İtaliyanın xilasetmə xidmətləri Malta sahilləri yaxınlığında miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində azı 10 nəfərin meyitini sudan çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, qayıq Liviya sahillərindən yola düşüb və göyərtəsində təxminən 60 nəfər olub. Hadisə Maltanın cənub-şərqindən təxminən 45 dəniz mili məsafədə baş verib.
Məlumata görə, ərazidə olan balıqçı qayığı sağ qalan 48 nəfəri xilas edib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, cari ilin əvvəlindən etibarən Aralıq dənizinin mərkəzi hissəsində 827 miqrant həlak olub və ya itkin düşüb. Ötən il isə bu marşrut üzrə 1330-dan çox insan həyatını itirib.
Qeyd edək ki, İtaliya Nazirlər Şurası bu ilin fevral ayında qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə “fövqəladə təzyiq” dövrlərində miqrant qayıqlarına qarşı dəniz blokadasının tətbiqinə icazə verən qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, miqrant gəmisi ictimai asayiş və milli təhlükəsizlik üçün ciddi təhdid yaratdığı hallarda gəmilərin İtaliya sularına daxil olması 30 günədək qadağan edilə bilər.
İtaliyada sol-mərkəzçi müxalifət isə bu qanun layihəsini tənqid edib.