Azərbaycan axtarışda olan Türkmənistan vətəndaşını Qırğızıstana təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğızıstan Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğızıstanın səlahiyyətli orqanına təhvil verilib.