Cəmiyyət üçün həyəcan təbilidir, 12 yaşlı uşağın əməli hamımızı ittiham edir
Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Kənd sakini olan azyaşlı P.M. (ad şərtidir) müxtəlif nahiyələrdən bıçaq xəsarətləri alıb. Yaxınları onu dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, ötən gün axşam saat 6 radələrində azyaşlı xəstəxanaya çatdırılıb və onun bədənində 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub: “Xəstədə kəskin qanitirmə müşahidə olunurdu.Təcili əməliyyat blokuna götürüldü, bütün yaralar işləndi və əməliyyat olundu. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.
7 yaşlı uşağın atası Rəşad Bəşirov hadisənin saat 5-dən sonra yaşandığını deyib: “Ancaq necə baş verdiyini və düşmənimin kim olduğunu bilmirəm”.
O bildirib ki, bıçaqlanma evlərinin yaxınlığında olub: “Oğlum deyir ki, darvazanın yaxınlığında oynayırmış. Onu bıçaqlayan uşaq gəlib və oğlumu çağırıb aparıb. O, bir az uzaqlaşandan sonra övladıma 19 bıçaq zərbəsi vurub. Yarası dərindir”.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.
Hadisəni şərh edən ekspertlər qeyd edib ki,bu hal azyaşlılar arasında zorakılığın artdığını göstərən həyəcan siqnalıdır və uşaqların təhlükəsizliyi, psixoloji dəstəyi və valideyn-nəzarət məsələlərinə cəmiyyətin daha çox diqqət yetirməsini tələb edir.
İctimai- siyasi fəal, gənc alim Elyar İslamoğlu “Sherg.az”a açıqlamasında deyib ki, hadisə olduqca sarsıdıcıdır və cəmiyyət üçün ciddi siqnal verir:
“12 yaşlı uşağın özündən 5 yaş balaca uşağa çoxsaylı bıçaq zərbələri vurması adamı sarsıdır və “harada səhv edirik?” sualını qaçılmaz edir.
Bu yalnız fərdi problem deyil, həm də ailə, məktəb və cəmiyyətin ümumi məsuliyyətini göstərir.
Zərərçəkən uşaq tibbi yardımın yanında mütləq psixoloji dəstək almalıdır. Eyni zamanda valideynlər, məktəb, polis və sosial xidmətlər birgə işləməli, uşağın ailə mühiti, zorakılığa məruz qalıb-qalmaması, evdə və ya onlayn gördüyü nümunələr, psixi vəziyyəti diqqətlə araşdırılmalıdır. Belə ekstremal aqressiya heç vaxt tək səbəbdən yaranmır. Ailədaxili zorakılıq, laqeydlik, döyülmə və təhqir, telefon və sosial şəbəkələrdə zorakı məzmun, məktəb və məhəllədə bullinq, psixoloji pozuntuların vaxtında aşkarlanmaması uşaqlarda erkən yaşlardan aqressiya və cinayətkarlığa meyllilik yarada bilər. Uşaq aqressiv doğulmur; aqressiya sonradan formalaşır. Bu hadisə bir uşağın problemi deyil, böyüklərin məsuliyyətsizliyinin nəticəsidir. Cəmiyyət olaraq məsuliyyətimizi anlamaq və erkən müdaxilə etmək çox ciddi əhəmiyyət kəsb edir”.