Çinin şərqində yerləşən Tsyansu vilayətində pirotexnika mağazasında baş verən partlayış nəticəsində azı səkkiz nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Lianyungang şəhər dairəsinin Dunxay qəzasında qeydə alınıb. Bildirilir ki, yerli sakinlərdən biri pirotexnika mağazasının yaxınlığında fişəng yandırıb, nəticədə partlayış və ardınca yanğın baş verib. Yanğınsöndürənlər alovu partlayışdan təxminən bir saat yarım sonra söndürə biliblər.
Məlumata görə, daha iki nəfər yüngül yanıq xəsarəti alıb.
Polis hadisəyə görə məsul şəxsləri saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.