- Eyyub Hüseynov: “Üzməyi bacaranlar təhlükəsizlik qaydalarını daha çox pozurlar”
Çimərlik mövsümü ölüm statistikasını artırır. Təəssüf ki, dənizdə boğulma halları ilə bağlı məlumatlar çoxalır. Fövqəladə Hallar Nazirliyinin qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciətində bildirilir ki, iyun ayının 1-dən bugünə qədər bu kimi qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb. Müraciətdə qeyd olunur ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. “Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır”. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında üzməyi bacarmayanlar deyil, əksinə, üzməyi bacaranların dənizdə, çimərliklərdə boğulmaya məruz qaldıqlarını dedi və mahiyyəti belə izah etdi:
- Üzməyi bacaranlar özünə güvənir, təhlükəsizliyi heçə sayır, çox uzaqlara üzür, ehtiyatı əldən verir, nəticədə ağır şəraitlə üz-üzə qalır. Yorulur, nəfəsi təngiyir, suda oriyentasiyasını itirir, hansı tərəfə üzüb sahilə çıxa biləcəyini çaşdırır. Təhlükə hiss edən adam daha da həyəcanlanır, daha çox səhvə yol verməyə başlayır. Və beləcə faciə baş verir. Mən hər zaman demşəm ki, çimərlikdə üzə bilməyənlərdən daha çox üzə bilənlər batır. Çünki özgüvən hissi onları azdırır. Üzə bilməyənlər çəkinir dənizin drinliyinə baş vurmağa, amma üzə bilənlər, hətta ən mahir üzgüçülər də bəzən boğulma təhlükəsi ilə üzləşirlər. Vəətndaşlar çimərlikdə ehtiyatı əldən verməmlidirlər. Xüsusən azyaşlı uşaqlara münasibətdə hədsiz diqqətli olmaq lazımdır, gözdən qoymaq olmaz uşaqları. Qeyri-çimərlik ərazilərdə istirahət etmək, dənizə baş vurmaq olmaz. Bilinmir, orada vəziyyət necədir, çuxurlar ola bilər, yad cisimlər ola bilər, insanın ayağına dəyər, xəsarət alar, ayaqlarına ilişər.ş Hər cür təhlükə ola bilər. Hamı təhlükəsizlik qaydalarına riayət etməlidir. Sahildən çox uzaqlaşmaq risklidir. Yaxşı üzməyi bacarsanız belə, dənizdə xüsusi təhlükəsizlik zonalarından kənara çıxmamalısınız, qadağanedici nişanlara diqqət edilməlidir. Hava şəraitini də düzgün qiymətləndirmık lazımdır. Küləkli havalarda, xüsusilə sualtı axınların güclü olduğu ərazilərdə suya girmək olmaz. Nəzarət olunan, xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərə gedilməlidir. Günəşin şüalara altında çox əyləşmək ziyandır, baş ağrısı, başgicəllənmə yaranar. Çimərlikdə necə qidalanma da önəmlidir. Ağır yeməklər, spirtli içki olmamalıdır.