Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda yaşayan 83 yaşlı Dinçər K. telefon dələduzlarının qurbanı olub. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər ondan kirayə bank seyfində saxladığı 1 758 ədəd Cümhuriyyət qızılını alıblar.
Sherg.az xəbər verir ki, hadisə aprelin 16-da baş verib. Uzun illər bank sektorunda yüksək vəzifələrdə çalışdıqdan sonra təqaüdə çıxan, eyni zamanda pul və kapital bazarları üzrə mütəxəssis olan Dinçər K. polisə müraciət edərək aldadıldığını bildirib.
Hadisə ilə bağlı İstanbul Polis İdarəsinin Dələduzluqla Mübarizə Bürosu tərəfindən araşdırma başlanılıb. Təhlükəsizlik kameralarının görüntüləri və şübhəlilərin istifadə etdiyi telefon nömrələri araşdırılıb. Təxminən iki ay davam edən texniki və fiziki izləmədən sonra keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.
Dinçər K. ifadəsində bildirib ki, son 10 il ərzində dəfələrlə telefon dələduzlarının zəngləri ilə qarşılaşıb və hər dəfə onların niyyətini anlayaraq danışığı dayandırıb.
“Son 10 ildə hər il 10-15 dəfə bu cür zənglər alırdım və heç vaxt aldanmamışdım. Amma bu dəfə danışan şəxsə inandım. Mənə dedilər ki, bank hesablarım çirkli pulların yuyulmasında istifadə olunur və onlara kömək etməliyəm. Mən ölkəsini sevən bir insanam və yardım etməyə razılaşdım”, -deyə o bildirib.
Zərərçəkənin sözlərinə görə, şübhəlilər onu təxminən 50 dəfə telefonla əlaqə saxlayaraq psixoloji təsir altında saxlayıblar.
Onların göstərişi ilə Dinçər K. bankdakı kirayə seyfindən qızılları götürərək çantaya yığıb. Daha sonra ona Etilər metro stansiyasının yaxınlığındakı küçələrdən birinə getməsi tapşırılıb.
“Həmin ünvana çatdım. Bir nəfər yaxınlaşdı və telefonla danışaraq ‘Rəis, şəxsin yanındayam, qızılları götürüm?’ dedi. Qarşı tərəfdən müsbət cavab aldıqdan sonra sinəsindəki çantanı açdı. Mən də qızılları həmin çantaya qoydum. O isə sürətlə uzaqlaşdı. Başında papaq var idi və üzünü gizlətməyə çalışırdı”, -deyə zərərçəkən bildirib.
Dinçər K. və həyat yoldaşının uzun illər ərzində topladığı sərvətin bir anda əllərindən çıxdığını vurğulayıb:
“Bu, həyat yoldaşımla birlikdə 35 il ərzində topladığımız bütün yığım idi. Hamısını oğurladılar. Şübhəliləri saxladıqları üçün polis əməkdaşlarına təşəkkür edirəm. Hər kəsi daha diqqətli olmağa çağırıram”.
Hazırda saxlanılan Mehmet U. (27), Hasan T. (32), İsmayıl A. (56), Fethi K. (35) və Səlahəddin A. (39) barəsində araşdırma davam etdirilir. Bildirilir ki, istintaqın hərtərəfli aparılması üçün prokurorluq tərəfindən əlavə nəzarət müddəti verilib.