Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda gecə saatlarında baş verən 4,6 bal gücündə zəlzələ bölgədə qısa müddətli təşvişə səbəb olub. Yeraltı təkanlardan sonra tanınmış yerşünas alim Prof. Dr. Naci Görürün açıqlamaları diqqət çəkib.
Sherg.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:08-də qeydə alınıb. Ocağı 7,01 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayon və vilayətlərdə də hiss olunub.
Hadisədən sonra sosial media hesabında paylaşım edən Naci Görür bildirib ki, zəlzələ Amanos və Ölüdəniz Fay Zonu seqmentləri arasında yerləşən ərazidə baş verib:
“Qaziantepin Kuzoluk-Nurdağı bölgəsi yaxınlığında, Amanos və Ölüdəniz Fay Zonu seqmentləri arasında 4,6 bal gücündə zəlzələ baş verdi. Təkan tektonik plitələrin sərhədi və kənarlarında meydana gəlib”.
Alimin açıqlamasında ən çox diqqət çəkən məqam isə 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli dağıdıcı zəlzələlərin təsirlərinin hələ də davam etməsi ilə bağlı fikirləri olub.
“Qorxuram ki, 6 fevral zəlzələlərinin təsiri nəticəsində plitələrin daxili hissələrində qırılmalar baş versin. Keçmiş olsun”, – deyə Görür qeyd edib.
Digər geoloq, Osman Bektaş da zəlzələnin 2023-cü ildə baş vermiş böyük zəlzələlərin davam edən təsirləri ilə əlaqəli ola biləcəyini bildirib.
Onun sözlərinə görə, Hatay və Qaziantep bölgələrində qeydə alınan bu cür təkanlar gecikmiş afterşoklar və viskoelastik gərginlik ötürülməsi prosesi çərçivəsində qiymətləndirilə bilər:
“Hatay və Antep diqqətli olmalıdır. 4,6 bal gücündə zəlzələ Ölüdəniz Fay Zonasında gərginliyin hələ tam boşalmadığını göstərən əlamətlərdən biridir”.
Mütəxəssislər hesab edirlər ki, bölgədə tektonik aktivlik davam etdiyindən seysmik proseslərin diqqətlə izlənməsi vacibdir.