Bakının Nizami rayonunda kafenin qarşısında dava salan şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun C.Naxçıvanski küçəsində yerləşən “Xarı Bülbül” adlı kafenin qarşısında baş verib.
Orada bir neçə nəfərin arasında mübahisə yaranıb və mübahisə dava-dalaşa çevrilib. Bu zaman həmin şəxslər bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər.
Həmin şəxsləri polis əməkdaşları nizam-intizama dəvət etsələr də, onlardan biri – 1981-ci il təvəllüdlü Naxçıvan sakini Kənan Babayev (ad-soyad şərti verilib – red.) onların qanuni tələblərinə məhəl qoymayıb.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.