"Həftənin sonuna doğru proses müəyyən qədər səngiməyə gedəcək”
İran ABŞ-la mümkün danışıqlara dair sərt mövqe ortaya qoyub. İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini olmuş Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində Vaşinqtonla dialoqun gündəmdə olmadığını bildirib. O, ABŞ-yə etimadın mövcud olmadığını vurğulayaraq, Tehran rəhbərliyinin danışıqlar üçün heç bir əsas görmədiyini deyib. Moxber həmçinin 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə istinad edərək, ölkəsinin istənilən təzyiq və qarşıdurmaya davam gətirmək gücündə olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ və İsrail İslam İnqilabının ilk illərindən etibarən İranın zəiflədilməsi və parçalanması siyasətini yürüdür.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sherg.az-a bildirib ki, Amerika prezidentinin Almaniya kansleri ilə danışıqlardam sonrakı açıqlamaları ABŞ-nin danışıqlara meyilli olduğunu göstərir:
“Amma İranın həm yeni seçiləcək ali dini lideri, həm də prezidenti ilə bağlı vəziyyət, eyni zamanda hələ də dəfn olunmamış Ali Xameneinin hələ dəfn olunmaması göstərir ki, yaxın üç gündə danışıqlar barədə danışmaq həm ciddi görünmür, həm də faktiki olaraq mümkünsüzdür. Aydın məsələdir ki, bu müharibə sonsuza qədər davam edə bilməz. Dünya tarixində elə bir müharibə olmayıb ki, başlasın və heç vaxt dayanmasın. Sözsüz ki, tərəflər müəyyən addımlar atacaqlar. Digər tərəfdən ABŞ prezidenti seçkiöncəsi ritorika ilə çıxış edir və bildirir ki, İranın hərbi-dəniz qüvvələri, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb və s. Amma reallıq ondan ibarətdir ki, Amerikanın regiondakı hərbi bazaları və müttəfiqləri aktiv vəziyyətdə vurulur. Ona görə də İranla bağlı məsələ hələ bir müddət gündəmdə qalacaq. Lakin istənilən halda, vasitəçilər üzərindən danışıqlar prosesi başlayacaq. Birbaşa olmasa belə, məsələn, Türkiyə, Azərbaycan və ya həm İranın, həm Amerikanın, həm də İsrailin etibar etdiyi digər ölkələr bu prosesdə rol ala bilərlər. Onlar çalışacaqlar ki, savaş dayansın”.
Ekspert qeyd edib ki, müharibə genişləndikcə dağıntıların və insan itkilərinin sayı artır:
“Bu isə dərin təəssüf və kədər doğurur. BMT kimi böyük bir qurumun da faktiki olaraq təsirsiz qalması bir daha göstərdi ki, verilən bəyanatlar real nəticə doğurmur. Əlbəttə, bu müharibədən qaçmaq olardı. Amma görünür, bəzi dərin və həll olunmamış məsələlər səbəbindən qarşıdurmadan yayınmaq mümkün olmadı. Həmçinin Amerika rəsmilərinin bəyanatlarında da müəyyən ziddiyyətlər müşahidə olunur: siyasi rəhbərlik bir mövqe bildirir, Pentaqon və ya müdafiə naziri başqa tonla çıxış edir. Ümid edirəm ki, yaxın günlərdə tərəflər daha məsuliyyətli davranacaqlar. Çünki dağıntıları müəyyən qədər bərpa etmək mümkün olsa da, insan itkilərini geri qaytarmaq mümkün deyil. Həm iranlılar, həm də amerikalılar bunu anlayırlar”.
Polkovnik hesab edir ki, danışıqlar qaçılmazdır:
“Ola bilsin ki, birbaşa formatda yox, amma vasitəçilər üzərindən mütləq başlanacaq və yaxın vaxtlarda bunun şahidi olacağıq. Hazırkı müharibə artıq həm quruda, həm dənizdə proseslərə ciddi təsir göstərib. Hörmüz boğazından gəmilərin keçidi çətinləşib, neft qiymətləri sürətlə artıb, hava reysləri və quru keçidləri məhdudlaşıb. Bu savaşdan bütün region əziyyət çəkir. Trampın və Netanyahunun davranışları isə göstərir ki, əvvəlki bəyanatlarının o qədər də inandırıcı olmadığı qənaətinə gəliblər. Xatırlayırsınızsa ötən il 12 günlük müharibə zamanı hər iki lider İranın artıq hücum potensialının qalmadığını bildirmişdi. Lakin indi müharibə yenidən ən şiddətli formada davam edir. Amerika da, İran da ciddi itkilər verir. İsrail də zərbələrə məruz qalır, paytaxt Təl-Əvivə və ölkənin cənub istiqamətində yerləşən şəhərlərə hücumlar endirilib, dağıntılar var. Bir sözlə, müharibə hələlik genişlənməkdə davam edir. Amma mənim qənaətimə görə, həftənin sonuna doğru proses müəyyən qədər səngiməyə gedəcək”.