Ekspert: NATO öz cənub-şərq cinahının etibarlı mühafizəsini həyata keçirir

ABŞ və İsrail ilə İran arasında davam edən gərginlik regionda təhlükəsizlik risklərini artırarkən, Türkiyə və NATO mümkün təhdidlərə qarşı müdafiə tədbirlərini gücləndirir. Bu çərçivədə Ankara ilə alyans arasında məsləhətləşmələr intensivləşib və hava-raket müdafiə sistemlərinin yerləşdirilməsi gündəmə gəlib.

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib ki, ABŞ və İsrail ilə İran arasında davam edən şiddətli qarşıdurmalar çərçivəsində İrandan Türkiyəyə fərqli zamanlarda iki ballistik raketin atıldığı və bunların NATO hava və raket müdafiəsi vasitələri tərəfindən zərərsizləşdirildiyi artıq bəyan edilib.

Onun sözlərinə görə, baş verən hadisələrdən sonra Türkiyənin gördüyü tədbirlərə əlavə olaraq NATO müttəfiqləri ilə məsləhətləşmə mexanizmləri də işə salınıb və bu çərçivədə NATO Müttəfiq Hava Komandanlığı tərəfindən Almaniyanın Ramşteyn bazasından göndərilən “Patriot” sistemi Malatyada yerləşdirilir. Aktürk vurğulayıb ki, NATO müttəfiq ölkələrin hava məkanını və ərazilərini qorumaq iradəsinə malik təhlükəsizlik ittifaqıdır və Türkiyə geostrateji mövqeyi ilə alyansın cənub-şərq cinahında ən kritik elementlərdən biri hesab olunur.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Türkiyə NATO-nun ən mühüm müttəfiqlərindən biridir

"İranda baş verən müharibə fonunda Alyans öz cənub-şərq cinahının etibarlı mühafizəsini həyata keçirmək məsuliyyətini dərindən dərk edir. Ona görə də müharibə bölməsinə ən yaxın müttəfiqini qorumaq üçün effektiv qərarlar verir. NATO-nun atdığı addımlar yalnız müdafiə xarakterlidir. Türkiyənin hava məkanının mühafizəsinin "Patriot" sistemləri vasitəsiylə gücləndirilməsi NATO qərərgahının növbəti günlərdə Türkiyə ərazisinə yenidən ballistik raket və ya PUA hücumunu istisna etmədiyinin göstəricisidir. Daha əvvəl Türkiyə ərazisinə İran tərəfindən atılan ballistik raketlərdə "Patriot" sistemi tərəfindən zərrərsizləşdirilib. İndi isə Malatyada yeni sistemin yerləşdirilməsi Türkiyə ərazisinə atıla biləcək raketlərdən daha effektiv havadan müdafiəni təmin edəcək".