Ekspert: Pilotsuz Sistemlərin ayrıca qoşun növü kimi yaradılması vaxt alacaq

Rusiyanın Silahlı Qüvvələrində Pilotsuz Sistemlər Qoşunları formalaşdırılıb.

Bu barədə "Komsomolskaya pravda"ya müsahibəsində yeni yaradılan qoşunların rəis müavini, polkovnik Sergey İştuqanov bildirib.

Onun sözlərinə görə, artıq qoşunların strukturu müəyyənləşdirilib, ştat cədvəlinə uyğun polklar və digər bölmələr formalaşdırılıb.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında deyib ki, müasir dünyada hər gün yeni texnoloji yeniliklərlə qarşılaşırıq və bu yeniliklər təbii olaraq ordulara da təsir edir:

“Son illərdəki münaqişələrdə pilotsuz vasitələrin geniş istifadəsi müşahidə olunur. Bu texnologiyanın ilk uğurlu tətbiqlərindən birini 44 günlük Vətən müharibəsində Azərbaycan göstərdi. Hazırda müxtəlif funksiyaları yerinə yetirən pilotsuz sistemlər kəşfiyyat, müşahidə və zərbə qabiliyyətlərinə malik tipli platformalar hazırlanır və bəzi hallarda qırıcı və bombardmançı təyyarələrin yerinə yetirdiyi tapşırıqları əvəz etməyə başlayırlar. Belə olan halda PUA-ların (pilotsuz uçuş aparatlarının) hazırlanması, tətbiqi və sınaqlarını təşkil edəcək ayrıca qoşun növünün yaradılması zərurəti yaranır. Dünyanın bir çox ölkələri artıq “Pilotsuz Sistemlər Komandanlığı” və ya “İnsansız Sistemlər Komandanlığı” qururlar. Bu struktur adətən Silahlı Qüvvələrin və ya Hərbi Hava Qüvvələrinin tabeçiliyində fəaliyyət göstərir. Türkiyə, Ukrayna və Azərbaycan da belə komandanlıqlar formalaşdırıb. Qələbəmizin 5-ci ildönümünə həsr olunan Zəfər Paradında da İnsansız Sistemlər Komandanlığının parad heyətində iştirakını gördük”.

Ə.Verdiyev qeyd edib ki, Rusiya da son illərdə pilotsuz vasitələrin geniş tətbiqini müşahidə etdiyindən, onların daha sistemli və vahid idarəetmə çərçivəsində istifadəsi üçün ayrıca qoşun növü yaratmağa qərar verib:

“Bu yeni qoşun növü artış, kəşfiyyat və zərbə funksiyalarını yerinə yetirən müxtəlif PUA növlərinin birləşdirilməsini, həmçinin bu sistemlərin istismarı, texniki təminatı və operatorlarının ixtisaslaşdırılmış hazırlanmasını təmin edəcək. Lakin belə bir strukturun tam formalaşması maddi-texniki təchizat, kadr hazırlığı, əməliyyat-taktiki doktrinlərin yenilənməsi və sənaye ilə sıx əməkdaşlıq tələb etdiyindən bir ildən artıq müddətə yayıla bilər. Hesab edirəm ki, bu komandanlığın tam formalaşması bu il ərzində yekunlaşmayacaq, gələn il də davam edəcək”.