"Tehranın ABŞ ilə qarşıdurma qərarı əvvəlcədən yanlış idi. Sonda isə İranın ağır nəticələrlə üzləşərək ABŞ-nin şərtlərini qəbul etmək məcburiyyətində qalacaq"
İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı İranın Tehran, Şiraz və Təbrizdə yerləşən hərbi obyektlərə növbəti hava zərbəsi dalğasını tamamlayıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, İslam Respublikasının paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və “Bəsic”in qərargahına zərbələr endirilib.
Bundan əlavə, dronların, ballistik raketlərin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin saxlanıldığı obyektlər də hədəfə alınıb.
Cənub-qərbi İranda yerləşən Şirazda zərbələrin hədəfi daxili təhlükəsizlik komandanlığı qərargahı və ballistik raketlərin saxlanıldığı obyekt olub.
Təbrizdə isə İsrail qırıcıları üçün hava məkanını təhlükəsiz etmək məqsədilə HHM sistemləri məhv edilib.
Hərbi ekpet Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, İran bir çox obyektləri, xüsusilə Bəsic və SEPAH-a aid olan idarə, ofis və departamentləri yaşayış məntəqələrinin yerləşdiyi ərazilərdə inşa edib:
“Bəzi nüvə tədqiqat mərkəzləri də rayon və şəhər mərkəzlərindən çox da uzaq olmayan məsafədə yerləşir. İranın mümkün zərbələrdən yayınmaq üçün hərbi infrastrukturu yerli məktəblərin, ziyarətgahların, kitabxanaların və sair mülki obyektlərin alt hissəsində də yerləşdirdiyi, bəzən isə bu obyektlərin daxilində SEPAH-a aid hərbi strukturlara rast gəlindiyi bildirilir. Nüvə tədqiqat mərkəzləri isə şəhərlərdən nisbətən daha uzaq məsafədə yerləşir. Bəzi hərbi obyektlərin sığınacaqlarda və bunkerlərdə yerləşməsi onlara qarşı bir neçə dəfə aviasiya zərbə dalğasından istifadəni zəruri edir. İsrail və ABŞ zərbələrinin əsas hədəfinin mülki əhali olmadığı qeyd olunur. Bunun artıq dəfələrlə şahidi olunub. Burada əsas hədəf İranın hərbi potensialı, raket və nüvə obyektləri, eləcə də Bəsic, SEPAH və ETTELAAT tərkibinə daxil olan müxtəlif strukturlardır. Bu obyektlərin məhv edilməsi prosesinin böyük bir hissəsinin artıq başa çatdığı, lakin tamamlanmasının müəyyən zaman tələb edəcək”.
Ekspert əlavə edib ki, proses İranın hərbi potensialının tədricən zəifləməsinə gətirib çıxaracaq:
“Nəticə etibarilə, İranın gec-tez bu vəziyyətlə barışmağa məcbur qalacaq. İran bu müharibədə ən çox itirən tərəfidir. Onun ABŞ ilə qarşıdurma qərarı əvvəlcədən yanlış idi. Sonda isə İranın ağır nəticələrlə üzləşərək ABŞ-nin şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Həmin mərhələdə isə artıq onun hərbi potensialından danışmağın mümkün olmayacaq”.