Suat Delgen: Birgə əməliyyatlar TDT-nin hərbi qabiliyyətinin təkmilləşməsinə töhfə verəcək

TDT-nin çəkindirici güc mexanizmi kimi formalaşması üçün hərbi istiqamətin inkişafı önəmlidir
Təhlükəsizlik çağırışlarının artdığı və geosiyasi balansların dəyişdiyi müasir dövrdə beynəlxalq əməkdaşlıq formatlarında hərbi sahədə inteqrasiya xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq hərbi təlimlərin keçirilməsi, üzv ölkələr arasında həmrəylik və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm addım hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu məsələyə toxunaraq, ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Ölkə başçısı 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs yalnız hərbi qabiliyyətlərin inkişafına deyil, eyni zamanda təşkilatın regional və beynəlxalq nüfuzunun artmasına da töhfə verə bilər. 
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a açıqlamasında ortaq hərbi təlimlərin keçirilməsinin vacib olduğunu vurğulayıb. Ekspert bunun bir neçə mühüm cəhəti olduğunu qeyd edib:
"TDT eyni zamanda əməkdaşlıq və təhlükəsizlik mexanizmi rolunu oynayır. Üzv dövlətlərin ordularının eyni standartlara uyğun şəkildə əməkdaşlıq etməsi, bir-biri ilə məlumat mübadiləsi aparması vacibdir. Xüsusilə NATO üzvü olan Türkiyənin NATO təcrübələrini TDT üzvlərinə ötürməsi və taktiki-doktrinal uyğunluğun təmin edilməsi üçün ortaq təlimlərin keçirilməsi əhəmiyyətlidir. Bu həmçinin birliyin hərbi potensialının inkişafına xidmət edəcək. Xüsusilə TDT-nin siyasi birlik kimi regionda daha çox söz sahibi olması, çəkindirici və regional güc mexanizmi kimi formalaşması üçün hərbi istiqamətin də inkişafı önəmlidir". 
Ekspert birgə icra olunacaq əməliyyatların TDT-nin hərbi qabiliyyətinin təkmilləşməsinə töhfə verəcəyini söyləyib:
 "Prezident İlham Əliyevin ortaq təlimlər keçirilməsi təklifini uyğun hesab edirəm. Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür təlimlər həyata keçirilərkən regiondakı, təşkilata üzv olmayan dövlətlərin narahat edilməməsi, onlarda hər hansı bir təşviş yaratmamaq üçün tamamilə sülhsevər və regional sabitliyi qorumaq məqsədilə planlanması vacibdir. Buna görə də təlimlərdə yer alan fəaliyyətlər və veriləcək mesajlar diqqətlə hazırlanmalıdır".