İşğaldan azad olunduqdan sonra Ağdam rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Qısa müddətdə rayon mərkəzində və bir sıra kəndlərdə həyat yenidən bərpa olunub, müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl layihələr icra edilir.
APA-nın Qarabağ bürosu xəbər ki, bu çərçivədə Ağdam rayonunun Baş Qərvənd kəndində də genişmiqyaslı tikinti layihəsi həyata keçirilir. Layihə ümumilikdə 476 hektardan çox ərazini əhatə edir və burada 1245 fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Layihənin təməli 24 dekabr 2023-cü ildə qoyulub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, birinci mərhələ çərçivəsində 202 hektar ərazidə 851 fərdi yaşayış evi tikilir və evlər 2 otaqdan 5 otağa qədər müxtəlif planlaşdırmada inşa olunur.
Onun sözlərinə görə, kənddə yaşayış evləri ilə yanaşı, sosial infrastruktur da qurulur. Belə ki, inzibati bina, tibb məntəqəsi, 840 şagird yerlik iki mərtəbəli məktəb, həmçinin 120 və 100 yerlik iki uşaq bağçası istifadəyə veriləcək.
T.Quliyeva qeyd edib ki, yol infrastrukturu üzrə daxili yolların ümumi uzunluğu 56 kilometrdən çox olacaq, bunun 43 kilometri birinci mərhələ çərçivəsində çəkiləcək. Eyni zamanda kənddə mühəndis-kommunikasiya xətləri, səkilər və geniş yaşıllıq zonalarının yaradılması nəzərdə tutulur.
Əlavə olunub ki, artıq ərazidə söküntü və şaquli planlaşdırma işləri tam başa çatdırılıb və cari il ərzində kəndə ilk köçün həyata keçirilməsi gözlənilir.
Ağdamın Eyvazxanbəyli kəndində də tikinti işləri aparılır. Eyvazxanbəyli kəndi də Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulan yaşayış məntəqələrindən biridir.
Eyvazxanbəyli Ağdam rayonunda bərpa-quruculuq işlərinin həyata keçirildiyi sayca beşinci kənddir. Artıq burada da tikinti işləri sürətlə davam edir və sakinlər doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, Eyvazxanbəyli kəndi üzrə layihələr mərhələli şəkildə icra olunur və hazırda fərdi yaşayış evləri üzrə tikinti-quraşdırma işlərinin 35 faizi başa çatıb.
Onun sözlərinə görə, birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulub və evlər 1, 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tip və ölçülərdə tikilir.
T.Quliyeva qeyd edib ki, kənddaxili yolların inşası layihəsi üzrə ümumi uzunluq 13,9 kilometr təşkil edir və artıq bu sahə üzrə ekspertiza rəyi alınıb.
Bildirilib ki, sosial obyektlərin tikintisi də layihənin əsas istiqamətlərindəndir. Belə ki, kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır. Məktəbin 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək və hazırda layihə optimallaşdırma məqsədilə yenilənir.
Onun sözlərinə görə, əlavə olaraq kənddə 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati binanın tikintisi də nəzərdə tutulur.
Kənddə aparılan tikinti işlərində ölkənin müxtəlif bölgələrindən gələn inşaat işçiləri çalışırlar. Onların arasında ağdamlılar da var. Yerli sakinlər doğma rayonlarında aparılan bərpa-quruculuq işlərində iştirak etdiklərinə görə qürur duyduqlarını bildirirlər.
Qeyd edilib ki, həyata keçirilən bu layihələr gələcəkdə Eyvazxanbəyli kəndinin müasir infrastruktura malik, rahat və təhlükəsiz yaşayış məntəqəsinə çevrilməsinə xidmət edəcək.
