Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.
Sherg.az xəbər verir ki, fərmana əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC Metropolitenə birləşdirilib. Bununla da “Bakı Metropoliteni” QSC hər iki qurumun hüquqi varisi elan olunub.
Yenidən təşkil olunan qurum paytaxtda nəqliyyatın mobilliyini təmin edən əsas mərkəz funksiyasını yerinə yetirəcək. Cəmiyyətin səlahiyyətlərinə aşağıdakılar daxil edilib:
Metro, avtobus, taksi və tramvay üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi;
Vahid mərkəzdən idarəetmə və gediş haqqının ödənilməsi üzrə innovativ rəqəmsal həllərin (vahid ödəniş sisteminin) tətbiqi;
Yeni nəqliyyat infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların, terminalların, taksi və avtobus parklarının layihələndirilməsi və tikintisi.
Fərmanla Cəmiyyətin idarəetmə modelində də yeniliklər edilib. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi 5 nəfərdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə 5 nəfərdən (sədr və 4 müavin) ibarət İdarə Heyəti həyata keçirəcək.
Cəmiyyətin yenidən təşkili, ləğvi və İdarə Heyəti üzvlərinin təyinatı birbaşa Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək. Digər idarəetmə səlahiyyətləri isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) həvalə edilib.
Bu islahat Bakı şəhərində tıxacların azaldılması, nəqliyyat növləri arasında keçidlərin asanlaşdırılması və sərnişindaşıma keyfiyyətinin beynəlxalq standartlara çatdırılması məqsədi daşıyır.
Sənəd imzalandığı gündən qüvvəyə minib.