Son 3 gündə ölkə ərazisində instensiv yağan yağışlar nəqliyyat və piyadaların hərəkətini iflic edib. Paytaxtın Sabunçu rayonu ərazisində yağış suları növbəti dəfə fəsadlara yol açıb. Sosial mediada paylaşılan görüntülərdə Sabunçu dəmiryol vağzalı istiqamətində, onlarla avtomobilin yarıya qədər suya batdığı müşahidə edilir. Görünən odur ki, 2024-cü ildə şəhərin ortasında baş verən dəhşətli faciə aidiyyatı qurumlar üçün dərs olmayıb. Həmin ildə "Sabunçu keçidi" adlanan ərazidə, 2 nəfər yağışın suları altında boğulmuşdu. Hadisədən sonra "yağış" xalqımızın yaddaşında travmatik anlam daşımağa başlayıb. Axı nəyə görə insanlar təbiətin ən adi hadisəsini ölüm gətirən fəlakət kimi xatırlamalıdır? Faciədən iki il keçməsinə baxmayaraq, vəziyyətdə ciddi dəyişiklik hiss olunmur. 3 gün ərzində yağan yağışlar sistemdəki boşluqların hələ də aradan qaldırılmadığını ortaya qoydu.
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Sherg.az-a bildirib ki, yağışın doğurduğu fəsadlar gözardı edilməməlidir:
“Problemin əsas səbəbi kimi infrastrukturun nizamsızlığı göstərilsə də, məsələ bundan daha dərindir. Vacib məsələlər son 20-30 il ərzində ciddi maliyyə tələb etdiyi üçün diqqətdən kənarda qalıb. Ona görə də, kanalizasiya sistemi və su təchizatının azlığı bölgələri gölə çevirir. Yağışın doğurduğu fəsadları “təbiət hadisəsi” adı altında normallaşdırmaq olmaz. Son bir əsrdə maksimal yağıntının həcmini təhlil edib, buna uyğun infrastruktur qurmaq lazımdır. Əks təqdirdə, eyni senarilərin təkrarlanması ilə üzləşəcəyik”.
Ekspertin fikrincə, mövcud problemlərin kökündə, kanalizasiya sistemlərinin yetərli səviyyədə qurulmaması dayanır:
“Azərbaycanda sovet dövründən qalma, bir neçə kanalizasiya sistemi var. Lakin əhalinin sıx məskunlaşdığı ərazilərdə mövcud şəbəkələrin azlığı, yağış sularının yaratdığı yükə tab gətirə bilmir. Nəhayət, problemlərin həlli üçün dövlət səviyyəsində qərarlar qəbul edilməyə başlanılıb. Prezident İlham Əliyev “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiqlədi. Proqrama görə yağış sularının doğurduğu fəsadlara qarşı, dövlət büdcəsindən ayrılan maliyyə ilə qabaqlayıcı tədbirlər görüləcək. Ali səviyyədə atılan addımların gələcək perspektivdə səmərəli nəticələr verəcəyinə inanıram”.