Moped dövrü bitir? Yeni ildən vəsiqəsiz sürmək qadağan edilir

Yeni ildən mopedlərin dövlət qeydiyyatına alınması və moped sürücülərinin sürücülük vəsiqəsinə sahib olması reallaşır. "Yol hərəkəti haqqında" qanuna təsdiqlənən dəyişikliyə əsasən moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Dəyişikliyə əsasən motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyətlər qoyulur. Yəni nəqliyyat vasitəsinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan ediləcək. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklik yol hərəkətinin bütün iştirakçılarının - həm nəqliyyat vasitəsi sahiblərinin, həm də piyadaların təhlükəsizliyi baxımından vacib idi:- Bilirsiz ki son illərdə mopedlərin, kiçik mühərrikli nəqliyyat vasitələrinin sayı artıb. Bu nəqliyyat vasitələrindən əsasən onlayn ticarət sahəsində, daşımalarda istifadə olunur. Eləcə də son llərdə yollardakı tıxaclardan xilas olmaq üçün bir çoxları mopedlərdən istifadəyə üstünlük verir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi olur. Yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozur, piyada zolaqları ilə hərəkət edir, yolun hərəkət hissəsində təhlükəli manevrlər edirlər. Qanun layihəsinə əsasən, yeni ildən etibarən moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaqlar. Həmçinin, bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaq. Motosiklet və mopedlərlə yük daşınması qaydasına görə, bu nəqliyyat vasitələrinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan edilir. Yeni tələblər müəyyən narazılıqlar yarada bilər, çünki bir çox vətəndaş mopedlərdən məhz vəsiqə tələbi olmadığı üçün gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir. Lakin uzunmüddətli dövrdə bu qərar qəzaların azalmasına, yol hərəkətində nizam-intizamın artmasına və nəqliyyat mədəniyyətinin formalaşmasına müsbət təsir göstərəcək. Sürücülük vəsiqəsinin tələb olunması moped istifadəçilərinin yol-hərəkəti qaydalarını öyrənməsinə, onlara əməl etməsinə səbəb olacaq. Qeydiyyata alınmaq da əlavə məsuliyyət yaradır. Moped sürücüsü biləcək ki hər hansı qəza törədilərsə, hüquqi məsuliyyətə cəlb edilə biləcək. Yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından zəruridir. Hesab edirəm ki, mühərrikli və sürəti 60 km.saatdan yuxarı olan nəqliyyat vasitələri qarşısında tələblər qoyulmalıdır. Mopedlərin dövlət nömrə nişanı ilə təmin edilməsi və qeydiyyata alınması vacibdir. Çünki mopedlər digər nəqliyyat vasitələri ilə eyni hərəkət zolağını paylaşır. Bu halda digər nəqliyyat vasitələrinə qoyulan tələblər onlara da şamil edilməlidir.