Payıza qədər davam edəcək: “Həzi Aslanov”da çaşqınlığın əsl səbəbi nədir? - İZAH

Bakı metropoliteninin “Həzi Aslanov” stansiyasına bu gün mediatur təşkil olunub. Bu barədə “Sherg.az”a nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis bildirib ki, “Həzi Aslanov” stansiyasında yenidənqurma işlərinin növbəti mərhələsi tamamlanıb:

- AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri, həyata keçirilən tədbirlər barədə media nümayəndələri ətraflı məlumatlandırıldılar. Qeyd edildi ki, infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının yüksəldilməsi məqsədilə icra olunan layihə çərçivəsində 280 metrə yaxın sahədə əsaslı təmir işləri 3 hissə üzrə təşkil edilib, 210 metrə yaxın hissədə işlər yekunlaşıb.

Yan divarlar və döşəmə boyunca məhlulvurma əsasən tamamlanıb, xüsusi boya qatına hazırlıq görülür. Tavan hissədə izolyasiya və möhkəmləndirmə işləri əsasən bitib, əlavə olaraq karbon lifli müasir materiallarla gücləndirmə aparılacaq. Orta yolların arakəsmə divarlarının ilk iki mərhələyə aid hissəsi yenidən inşa olunub, son hissədə işlər davam edir. 

Məlumdur ki, “Həzi Aslanov” stansiyasında aparılan əsaslı təmir işləri ilə bağlı artıq bir müddətdir ki, stansiyaya vaqonlar birbaşa deyil, “Əhmədli” stansiyasından birtərəfli qaydada hərəkət edir. Bu isə bəzən sərnişinlərdə çaşqınlıq yaradır. “Həzi Aslanov”a getmək istəyənlər “İçərişəhər-Həzi Aslanov”, yaxud da “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət etdikdə, “Əhmədli” stansiyasından sonra mənzil başına çatacaqlarını düşünür, lakin qatarın geri dönüş etdiyini, “Xalqlar Dostluğu” stansiyasına qayıtdığını gördükdə, niyə geri qayıtdıqlarını anlaa bilmirlər. Təəssüf ki, platformalarda sərnişinlər üçün xəbərdarlıq elanı da yoxdur. 

R.Ağamirzəyev qeyd etdi ki, “Həzi Aslanov” stansiyasında təmir işlərinin payız aylarına yekunlaşması gözlənilir. İşlər yekunlaşarsa sərnişinlər yenə də ənənəvi qaydada hərəkıt edə biləcəklər.