Dayanacaq problemi böyüyür, sakin rahatlığı arxa plana atılıb
Rauf Ağamirzəyev açıqladı: “Sakin rahatlığı üçün sistem dəyişməlidir”
Paytaxtın avtobus dayanacağı problemi çözülmür. Bir çox ərazilərdə, əsasən də mərkəzi hissələrdə modern üslubda avtobus dayanacaqları qoyulub. Amma bəzi yerlərdə heç daldalanmaq adına da dayanacaq olmayan ərazilər var. Sakinlər haqlı olaraq narazılıq edir və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən normal dayancaqlar quraşdırılmasını tələb edirlər.
Nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəhərplanlaşdırmasında əlçatanlıq mühüm amil hesab edilir. Əlçatanlıq faizi sakinlərin evdən çıxdıqda neçə dəqiqəyə market, çörək dükanı, aptekə çatmasına görə ölçülür:
- Məsələn, Paris şəhərində aparılan araşdırmaya görə sakinlərin 93%-i 5 dəqiqəlik piyada məsafəsində çörəkxanaya (boulangerie) çata bilir. Şəhərdə təxminən 1200-dən çox çörəkxana var və onların əhatə radiusu demək olar ki, bütün şəhəri əhatə edir. Bu, şəhər planlaşdırmasında əlçatanlığın nə qədər vacib olduğunu göstərir: gündəlik ehtiyaclar nə qədər yaxın olarsa, şəhər həyatı bir o qədər rahat və canlı olur. İctimai nəqliyyat üçün nəzərdə tutulan dayanacaqlar da bu qəbildəndir. Şəhərin mərkəzində dayanacaqların artırılmasıyla bağlı tərəfimizdən edilən müraciətə belə cavab verildi ki, ictimai nəqliyyatın əlçatanlığının və sərnişin rahatlığının artırılması məqsədilə yeni avtobus dayanacaqlarının təşkili məsələsinə əvvəlcədən aparılan ətraflı təhlillər əsasında baxılır. Bu zaman yol hərəkətinin təhlükəsizliyi, mövcud yol infrastrukturu, sərnişin axınları və piyadaların təhlükəsiz keçid imkanları nəzərə alınır. Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, yeni dayanacaq məntəqələri əsasən piyada keçidlərinin mövcud olduğu və ya təşkilinin mümkün olduğu yol sahələrində yaradılır. Bununla belə, prospektin bəzi hissələrində mövcud yol quruluşu və hərəkət intensivliyi səbəbindən əlavə dayanacaqların təşkil edilməsi hazırkı mərhələdə mümkün hesab edilmir. Belə hallarda, gələcəkdə piyada keçidlərinin sayının artırılması və yol infrastrukturu ilə inteqrasiyası təmin edildikdən sonra yeni dayanacaqların təşkili məsələsinə yenidən baxıla bilər.
Ekspert hesab edir ki, sakinlərin və sərnişinlərin rahatlığını təmini əsasdır və bu məqsədlə avtobus dayanacaqları sakinlər üçün uyğun və təhlükəsiz yerdə təşkil edilməlidir.