Vaxt itkisinə son: Dərnəgül dayanacağı sərnişin axınını rahatladacaq

“28 May"ın yükü azalır, Dərnəgül yeni əsas nəqliyyat qovşağına çevrilir

Dərnəgüldə dəmiryolu stansiyası olacaq. Bu, Abşeron dairəvi dəmiryolu çərçivəsində mümkün olacaq. Bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. “Sherg.az” xəbər verir ki, mütəxəssis Dərnəgül dayanacağının şəhər nəqliyyat sistemində əhəmiyyətli rol oynayacağını bildirib: 

- Abşeron dairəvi dəmiryolunun Dərnəgül dayanacağı şəhər nəqliyyat sistemində vacib rol oynayacaq infrastruktur elementlərindən biridir. Dayanacaq istifadəyə verildikdən sonra şəhərə alternativ istiqamətdən giriş imkanı yaradacaq. Bu isə bir neçə mühüm nəticəyə gətirib çıxaracaq; sərnişin axınının parçalanması – bütün yükün yalnız mərkəzi qovşaqlara yönəlməsinin qarşısı alınacaq, sonra, qısa və səmərəli marşrutların formalaşması – sərnişinlər üçün vaxt itkisi azalacaq, multimodal inteqrasiyanın güclənməsi – metro, dəmiryolu və digər nəqliyyat növləri arasında əlaqə yaxşılaşacaq, “28 May” nəqliyyat qovşağının yükünün yüngülləşməsi – şəbəkədə balanslaşma yaranacaq. 

Mütəxəssis qeyd edib ki, müasir şəhər nəqliyyatında əsas məqsəd sərnişin axınını düzgün bölüşdürmək və alternativ hərəkət imkanları yaratmaqdır. Dərnəgül dayanacağı bu baxımdan Bakının nəqliyyat xəritəsində strateji rol oynayacaq: 

- Bu günə kimi hamı “28 may”dan getmək məcburiyyətindədirsə, Dərnəgül dəmiryolu stansiyasının fəaliyyətə başlaması ilə yeni alternativ çıxış imkanı yaranır. Metronun “28 may” stansiyasında yaşıl və qırmızı xəttlər ayrılandan sonra Dərnəgüldən “Cəfər Cabbarlı”ya gəlib “28 may”a keçid edib “İçərişəhər” istiqamətinə gedə biləcək. Və ya birbaşa vağzala gəlib “28 may”dan “İçərişəhər”ə gedə biləcək.