Bu ilin fevral ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,27 ABŞ dolları səviyyəsində olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Belə ki, fevralda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 6%, illik müqayisədə isə 27% azalıb.
Hesabatda bildirilir ki, fevral ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 10,79 dollar təşkil edib, bu da aylıq müqayisədə 12%, illik müqayisədə isə 30% azalma deməkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.